Dünən Avro-2024-ün seçmə mərhələsində keçirilən Azərbaycan – İsveç oyunundan öncə millidə karyerasını bitirən bir neçə futbolçuya təşəkkür plaketi təqdim olunub.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”da çıxış edən Riçard Almeyda da təltif edilənlər arasında olub. Braziliya əsilli yarımmüdafiəçi sosial şəbəkə hesabında plaket almasıyla bağlı bunları yazıb: “Azərbaycan milli komandasının formasını həmişə qürurla daşıdım və buna görə karyeramı qiymətləndirən hər kəsə xüsusi təşəkkür edirəm. Oyundan öncə azarkeşlər önündə bizə verilən xatirə hədiyyəsinin dəyəri mənim üçün çox böyükdü. Milli komandaya bir azarkeş kimi gələcəkdə ancaq uğurlar arzulayıram”.
Riçard Azərbaycan yığmasında 31 oyunda 3 qol vurub.