Formula 1 üzrə Las-Veqas qran-prisində təsnifat mərhələsi geridə qalıb.

Bütün sessiyalar zamanı gözlənilməz nəticələr qeydə alınıb. İlk sessiyada “Maklaren” komandasının uğursuzluğunu qeyd etmək lazımdır. Həm Oskar Piastri , həm də Lando Norris növbəti sessiyaya keçməyi bacarmayıblar. Norrisə bunu etmək üçün cəmi 0,020 saniyə çatmayıb.

İkinci sessiyanın ən böyük gözlənilməzliyi Lyuis Həmilton və Serxio Pereslə bağlı olub. Meksikalı sürücü son cəhdinə çıxmamaqla nəticəsini yaxşılaşdırmayıb. Bundan istifadə edən rəqiblər onu ilk onluqdan kənara atıblar. Lyuis Həmiltona isə növbəti sessiyaya keçmək üçün sürət çatmayıb.

Beləliklə, final sessiyasında çıxış etmək hüququnu 8 komandanın müxtəlif sürücüsü qazanıb. Bu da təsnifatda baş verən nadir hadisələrdən biridir.

Həlledici sessiyada isə əsas gözlənilməzlik Alonsonun 10-cu yerə yuvarlanması olub. Ən yaxşı nəticəni Şarl Lekler göstərib. Onun komanda yoldaşı 0,043 saniyə geri qalmaqla ikinci olub. Karlos Saynsın 10 yerlik cəriməsi olduğuna görə, Leklerdən sonrakı yeri start zamanı Maks Ferstappen tutacaq. Daha bir cəzalı sürücü Lens Stroldur. Kanadalı pilota 5 yer cərimə verilib.

Xatırladaq ki, Las-Veqas yarışı sabah Bakı vaxtı ilə səhər 10:00-da start götürəcək.

Shares: