“Real”ın cinah hücumçusu Vinisius Junior 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Braziliya millisinin futbolçusunun zədəsi ciddidir – onun bud əzələsi yırtılıb.
Futbolinfo.az xəbər verir ki, Vinisius 2023-cü ilin qalan hissəsini buraxacaq və bu müddət ərzində “Real”a kömək edə bilməyəcək. O, yalnız yeni ilin ilk günləri məşqlərə başlayacaq.
Vinisius Braziliya millisinin Kolumbiyada yerli komandaya 1:2 uduzduğu matçın 27-ci dəqiqəsində zədə almışdı. Həkimlər bir neçə dəfə müayinə apardıqdan sonra dəqiq diaqnoz qoyub.
Bu mövsüm ulduz futbolçu İspaniya çempionatında 14 oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib. 23 yaşlı braziliyalı “Real”da 6-cı mövsümünü keçirir.