Bakıda Rusiya klubu “Zenit”lə yoxlama görüşü keçirən “Neftçi” 2:1 hesablı qələbə qazanıb.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında iştirak edən “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu bu fikirləri səsləndirib:

“Çətin oyun oldu, güclü rəqiblə qarşılaşdıq. Futbolçuların meydançadakı davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə davam edəcəyik”.

O, çempionatda bu səviyyədə oyun ortaya qoya bilməmələrinin səbəbi barədə sualı belə cavablandırıb: “Mənim bu suala cavabım yoxdur. Sadəcə, Reziuan Mirzovun qollar vurması, formaya düşməsi isə məni sevindirir”.

Baş məşqçi gənc qapıçı Rza Cəfərovdan razılıq bildirib: “Ona ilk dəfə şans verən mən olmuşam. “Sabah”la görüşdə Rzanı meydançaya buraxanda hamı məni tənqid edirdi. İndi isə sual verirlər ki, Rza niyə oynamır? O, zədədən yeni qayıdıb”.

Mətbuatı izlədiyini bildirən Adrian Mutu bəzi futbolçuların hələ tam uyğunlaşmadığını da etiraf edib: “Neftçi” kimi böyük klubda çalışıram, ətrafımdakı dostlar mətbuatı izləyib mənə tərcümə edirlər. Dili bilmədiyim üçün yaxından izləyə bilmirəm. Amma gələcəkdə yaxından izləməyə çalışacağam. Yeni gələnlərə uyğunlaşma prosesi elə də asan deyil. Bəzi çempionatlarda tələblər başqa olur, məğlubiyyətdən sonra tənqid çox olmur. Amma burada elə deyil”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp