Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Avro-2024-ün seçmə mərhələsində Belçikaya 0:5 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransını yarımçıq tərk edib. Son vaxtlar jurnalistlərin suallarına cavab verməkdə çətinlik çəkən, çıxış yolunu onlarla dalaşmaqda görən italyalı mütəxəssis ənənəsinə sadiq qalıb.
Onu millinin başına gətirən himayədarlarının AFFA-da əvvəlki kimi söz sahibi olmaması de Byazini köməksiz qoyub. Uğursuzluqlarını ört-basdır edən olmadığından o da əsəbini stullara təpik atmaqla çıxarır. İsveçlə oyundan sonra sevincdən köməkçisinə təpik atan məşqçi biabırçı nəticələrdən sonra eyni fəndi bir az başqa formada mətbuat konfransında təkrarlayır.
Mütəxəssis dünən də konfrans zamanı jurnalistlərin tənqidi suallarından əsəbləşib. O, hətta azərbaycanlı jurnalistləri təhqir etməyi lazım bilib: “Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.
İtalyalı açıq şəkildə tərcüməçidən bunu tərcümə etməyi xahiş edib ki, belçikalı jurnalistlər başa düşsünlər. Bu barədə Belçikanın “nieuwsblad.be” saytı da yazıb. De Byazi konfransı tərk edərkən yenə stulu təpikləyib, sonra isə çölə çıxmaq üçün bağlı qapını açmağa çalışıb, daha sonra doğru çıxışı tapıb.
AFFA rəhbərliyi jurnalistlərə qarşı başverənlərdən narahat olub. Baş katib Sərxan Hacıyev komanda geri dönərkən hava limanında italiyalının hərəkətinə görə bütün jurnalistlərdən üzr istəyib.