“Barselona” Xaviyə əvəzedici axtarışına başlayıb. Klub rəhbərliyi açıqlamalarında baş məşqçiyə etimad etdiklərini bildirsə də, İspaniya mətbuatı onun işindən narazılıq olduğunu yazır.

Futbolinfo.az xəbər verir ki, əvəzedici komandaya rəhbərlik edən Rafael Markes Xaviyə xələf kimi göstərilir. Meksikalı sabiq müdafiəçinin işi daha yüksək qiymətləndirilir və onun əsas komandanı çalışdırmağa da layiq olduğu düşünülür.

Amma “Barselona”nın başqa namizədi var. Bu mövsüm “Jirona”nın sürpriz çıxışının əsas səbəbkarı olan Miçel işi ilə diqqət mərkəzinə düşüb. İspaniya nəhəngi komandasını liderliyə yüksəldən 48 yaşlı çalışdırıcı ilə danışıqlara başlaya bilər. Mətbuata inansaq, artıq ilkin təmaslar da başlayıb.

Əvvəllər “Rayo Valekano” və Hueskanın hərəsində 2 il çalışan Miçel 2021-ci ildən “Jirona”dadır və müqviləsi 3 il sonra başa çatacaq.

Shares: