Azərbaycan yığmasının sabiq futbolçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Bakıda İsveç üzərindəki 3:0 hesablı qələbədən sonra Belçika səfərində də millimizin ən azından yaxşı oyun göstərəcəyinə ümid var idi. Ağır məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Fikrimcə, Belçikaya da qarşı yaxşı oyun göstərmək olardı. Komandamız matça pis başlamamışdı. İlk dəqiqələrdə topla oynaya bilirdik. Amma qırmızı vərəqə işləri korladı. Əlbəttə ki, Belçika kimi rəqibə qarşı 10 nəfərlə oynamaq çətin olacaqdı, elə də oldu. Eddi İsrafilov mənasız yerə 2 sarı vərəqə aldı. Sarı vərəqəsi olan peşəkar futbolçu topa o cür getməməliydi. Millimizin işinin çətin olacağını bilirdik. Qırmızı vərəqədən sonra vəziyyət daha da qəlizləşdi. Düşünürəm ki, qırmızı vərəqə olmasaydı, belə böyük məğlubiyyətlə üzləşməzdik.

– Uzun müddət zədəli olan, “Neftçi”də oyun praktikasından əziyyət çəkən Eddinin bu matça start heyətində çıxmasına nə ad vermək olar?

– Həmin mövqedə formada olan bir futbolçu oynatmaq daha düzgün idi. Dediyiniz kimi, Eddi bir müddət zədəli olub, son vaxtlar klubunda az şans qazanıb. Həm Eddi, həm də Höccət Haqverdi klublarında çox oynamırlar. Ümumiyyətlə, bu futbolçular heç vaxt millidə yaxşı oyun göstərməyiblər. Höccətin əvəzinə Rahili son müdafiəçi oynadıb, sağda başqa futbolçu yoxlamaq olardı. Eddi və Höccət kimi futbolçular milliyə heç bir kömək göstərmirlər.

– Yığmamızın qapımıza 4 qol vuran Romelu Lukakunun qarşısında bu qədər aciz qalması nə ilə bağlı idi?

– Belçika ilə Bakıdakı qarşılaşmada Lukaku fərqlənə bilməmişdi. Çünki Bəhlul Mustafazadə ona qarşı yaxşı oyun göstərmişdi, Lukaku ilə birəbir mübarizələrdən çəkinməmişdi. Bəhlul onun qarşısını ala bilmişdi. Səfərdəki matçda Mustafazadə oynamadığı üçün belə bir vəziyyət yarandı. Bu dəfə Lukakuya qarşı müqavimət göstərə bilən oyunçumuz olmadı. Həm də 10 nəfərlə qalmışdıq deyə, boşluqlar qaçılmaz idi.

– Millimiz Avro-2024-ün seçmə mərhələsini 7 xalla bitirdi. Son illərin ən yaxşı heyəti sayılan bu futbolçularla niyə daha çox xal toplaya bilmədik?

– Həqiqətən də daha çox xal toplamaq olardı. Hazırda millidə yaxşı, keyfiyyətli oyunçularımız var. Artıq legioner həyatı yaşayan futbolçularımız çoxdur. Estoniyaya evdə qalib gələ bilərdik, Avstriyadan da xal almaq olardı.

– Canni de Byazinin yığmamızdakı fəaliyyətini necə qiymətləndirirsiniz? AFFA hədəfə çata bilməyən de Byazi ilə yenə müqavilənin müddətini uzadacaq?

– Əvvəlki əcnəbi məşqçilərlə müqayisədə de Byazi fərqli nəsə etmədi. Onun fəaliyyəti müddətində xoş sürpriz görmədik. Əksinə, hər zaman çağırdığı futbolçulara və taktiki düzülüşünə görə tənqid olundu.

– De Byazi Belçika ilə oyunsonrası mətbuat konfransında ona suallar verən azərbaycanlı jurnalistləri “axmaq” adlandırıb. Bir məşqçinin belə ifadə işlətməsi qəbulediləndirmi?

– Bu açıqlama ilə tanışam. Mənim üçün də şokedici oldu. Hansısa bir əcnəbinin milli komanda kimi mötəbər yerə gəlib azərbaycanlı jurnalistlərə bu ifadəni işlətməsi yolverilməzdir. AFFA rəhbərliyi bu açıqlama ilə tanış olandan sonra üzr istəyib. Yəqin de Byazi oyundan sonra özünü itirib. Heç yaxşı hal deyil. Bu açıqlamasından sonra onun yığmada qalacağına heç inanmıram. Məncə, elə ən böyük axmaq de Byazinin özüdür.

FƏRİD

Shares: