AFFA Canni de Byazi haqda qərar verməyə hazırlaşır. Bu həftə italiyalı məşqçi ilə bitən müqavilənin müddətinin uzadılmayacağının elan olunması gözlənilir.

Futbolinfo.az xəbər verir ki, milli komandanın uğursuz çıxışı, nəticələrin yaxşılaşmaması qərarda önəmli rol oynayıb. De Byazinin Belçikadakı son mətbuat konfransında səsləndirdiyi fikirlər isə qərarın qətiləşməsinə səbəb olub. Onun jurnalistləri təhqir etməsi geniş ictimai rezonans doğurub və AFFA italiyalını postda saxlamaqla mətbuatın tənqidlərini üzərinə çəkmək istəmir.

Daha bir məqam dünən qeydə alınan nəticə ilə bağlıdır. Məlum olduğu kimi, Qazaxıstan Sloveniyaya qalib gəlib Avro-2024-ə vəsiqə qazanacağı halda bizim də Millətlər Liqasında pley-off oynamaq şansımız yaranacaqdı. Amma bu reallaşmadı və de Byazinin son ümidi də puç oldu. Artıq onun ömrünü yaz oyunlarınadək uzatmaq şansı yoxdur.

Tezliklə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilməldir. Orada milli komandanın baş məşqçisinin taleyinə aydınlıq gələcək. De Byazi ilə müqavilənin uzadılmayacağı, yeni çalışdırıcı axtarışına start verildiyi elan olunmalıdır.

Shares: