“Araz-Naxçıvan”ın konqolu futbolçusu Elvis Maşikenin futbolinfo.az saytına müsahibəsi

– Fasilədən əvvəlki turda gözlənilmədən “Kəpəz”ə uduzmuşdunuz. Komandanız bu məğlubiyyətdən sonra özünə gələ bilib? Liqadakı fasilənin sizə müsbət təsiri oldumu?

– Bu, futboldur, bəzən qalib gəlirsən, bəzən də uduzursan. Səhvlərimizdən dərs aldıq və bütün diqqətimizi növbəti matça yönəltmişik. Fasilə bizə faydalı oldu, çünki daha çox enerji toplamaq və təkmilləşdirməyə ehtiyac duyduğumuz məqamlara diqqət yetirmək üçün vaxt qazandıq.

– Növbəti turda “Neftçi”nin qonağı olacaqsınız. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Mən gözləməyi sevmirəm, amma inanmağı xoşlayıram. Bu həftə çox çalışdıq, ona görə də növbəti oyunda yaxşı nəticə qazanacağımıza inanıram. Nəticə özümüzdən və nə qədər yaxşı hazırlaşmağımızdan asılıdır.

– Geridə qalan 13 turdan sonra “Araz-Naxçıvan” 20 xal toplayıb və turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Bu nəticə sizi tam qane edir?

– Daha yaxşı olmaq üçün potensialımız var. Amma mən bu nəticədən razıyam. Çünki heç kim bizdən bu cür çıxış gözləmirdi. “Araz-Naxçıvan” Premyer Liqada yeni komandadır və yayda qısa zamanda, sürətlə qurulub. Buna görə də turnir cədvəlində hazırkı mövqeyimiz çoxunu təəccübləndirir.

– “Araz-Naxçıvan”a, Premyer Liqaya və Azərbaycana tam uyğunlaşmısınız?

– Ölkənizə qısa zamanda uyğunlaşdım. Azərbaycan çox xoşuma gəldi, burada yaxşı insanlar çoxdur. Premyer Liqaya da uyğunlaşdığımı düşünürəm. Amma həqiqət budur ki, hələ bacarığımın 100 faizini göstərə bilməmişəm. Azarkeşlərin gördüyü mənim tam gücüm deyil. Daha çox oynamaq və güclü tərəflərimi göstərmək üçün yetərincə şans qazanmıram. Ümid edirəm ki, bu, zamanla dəyişəcək.

– Baş məşqçi Azər Bağırovla münasibətiniz necədir? Bir mütəxəssis kimi, onun ən üstün cəhətləri hansılardır?

– Düşünürəm ki, birinci liqadan gələn məşqçi Premyer Liqada debut ilindəcə özünü çox yaxşı göstərdi. Bunu əldə etdiyimiz nəticələr təsdiqləyir. Azər Bağırovun çətinlikləri var. Məsələn, digər komandalarla müqayisədə bizdə yerli futbolçu azdır. Baş məşqçinin ixtiyarında daha çox azərbaycanlı oyunçu olsaydı, işi asanlaşardı. Mən onun məşqçi kimi müsbət keyfiyyətlərinə bələdəm. O, bütün oyunlardan əvvəl bizə çox yaxşı motivasiya verir. Digər üstün cəhəti isə futbolçularını hər zaman dəstəkləməsidir.

– Necə düşünürsünüz, “Araz-Naxçıvan” Premyer Liqaya yüksəldiyi ilk ildəcə avrokuboklara vəsiqə əldə edə biləcək?

– Bunu deyə bilmərəm. Hələ mövsümün sonuna çox var. Biz hər zaman növbəti matça köklənirik. Mövsümün sonunda hansı pillədə olacağımızı görəcəyik. Əlbəttə ki, avrokuboklara vəsiqə qazanacağımıza inanmalıyıq.

– Azərbaycan Premyer Liqasının səviyyəsi haqda hansı fikirdəsiniz?

– Ölkənizə gələnədək Çexiya, Slovakiya və Maltada futbol oynamışam. Deyə bilərəm ki, Azərbaycan liqası onlarla müqayisədə daha rəqabətlidir. Bütün komandaların keyfiyyəti var. Hər bir komanda meydanda var gücünü qoymağa hazırdır. Turnir cədvəlində birinci və ya sonuncu rəqiblə oynamağından asılı olmayaraq, çətinlik yaşayırsan. Azərbaycan liqasında tək fiziki deyil, əqli, psixoloji cəhətdən də güclü olmalısan, çünki sənə heç nə havayı verilmir. Azərbaycan çempionatında oynayan futbolçu öz üzərində daha çox işləməli, oyunlarda döyüşərək üstünlük əldə etməlidir.

– Azərbaycan çempionatında çıxış edən hansı futbolçuları bəyənirsiniz?

– Bütün komandaların heyətində həm səviyyəli yerli, həm də əcnəbi futbolçular çıxış edir. Bir-bir adlarını çəkmək istəmirəm, çünki çoxusu ilə şəxsi tanışlığım yoxdur. Yalnız komanda yoldaşım Vadim Abdullayevi qeyd edə bilərəm, onu çox bəyənirəm. Bütün matçlarda var gücü ilə oynayır, meydanda 100 faiz gücünü qoyur.

CAVAD

Shares: