Bir neçə dəqiqə sonra AFFA İcraiyyə Komitəsinin fövqaladə iclası başlayacaq. Budəfəki tədbir yalnız Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin millidəki taleyinə həsr olunacaq.
Futbolinfo.az xəbər verir ki, saat 10.00-da başlayan tədbirdə heç də komitənin bütün üzvləri iştirak etməyəcək. İclas təcili təyin edildiyindən bir çox üzv üzrlü səbəbdən iclasa qatılmayacaq. Elmar Məmmədyarov və Mahir Məmmədov ölkədə olmadığından müzakirələrdə iştirak etməyəcək, Elxan Məmmədov isə FİFA-da işə başlayandan İcraiyyə Komitəsinin iclaslarına gəlmir. Onun indiyədək üzv kimi saxlanılması özü də maraqlı məqamdır, çünki Nizamnaməyə görə il ərzndə 4 iclası buraxan şəxs İK-dan xaric edilməlidir.
İstənilən halda, yetərsay təmin olunduğundan İK-nın bügünkü iclası yetərli sayılacaq. Müzakirələrin isə qızğın keçəcəyi gözlənilir. Əksəriyyət xüsusilə jurnalsistləri təhqir etdikdən sonra de Byazi ilə müqavilənin uzadılmamasının tərəfdarıdır. İsgəndər Cavadov, Vaqif Sadıqov və başqaları mətbuata açıqlamasında da bunu dilə gətirib. Amma vitse-prezident Elşad Nəsirov və sıravi üzv Zaur Axundov italiyalının saxlanılmasının tərəfdarıdır. Bu səbəbdən müzakirələr heç də sakit keçməyəcək. Xüsusilə Nəsirovun mövqeyi de Byaziyə himayədarlıq edənlərin və milli komandaya rəhbərlik edən qrupun mövqeyidir.
Qeyd edək ki, Canni de Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. Yığma onun rəhbərliyi atında son oyununda Avro-2024-ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub. Ümumiyyətlə, son seçmə mərhələ milli komandamızın növbəti fiaskosu ilə bitib.