Azərbaycan yığmasının sabiq üzvü Kamal Quliyevin futbolinfo.az saytına müsahibəsi

– AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Canni de Byazinin Azərbaycan yığmasındakı taleyinə aydınlıq gəldi. Millimizdəki fəaliyyətini davam etdirmək istəməyən italiyalı ilə yollar ayrıldı…

– İcraiyyə Komitəsinə təşəkkür edirəm ki, yekunda belə qərar qəbul edildi. Bu qərarla futbol ictimaiyyətini və azarkeşləri sevindirdilər. Mən illərdir deyirdim ki, gəlin, özümüzə hörmət qoymağı bacaraq. Bizim milli komandanın qazandığı bütün yaxşı nəticələrdə yığmanın “sükanı arxasında” azərbaycanlı məşqçilər olub. De Byazi kimi məşqçilər buraya pul qazanmaq üçün gəlirlər. Bunu anlamaq o qədərmi çətindir?! De Byazi kimi məşqçilərin Azərbaycana gəlişinin bir səbəbi var, o da puldur. İşi, ambisiyası olan, Joze Mourinyo kimi məşqçilər gəlsin də, görək, gələrmi? Özümüzkülər təcrübə qazanmalıdırlar. Eybi yox, 1 il Məmməd işləyər, komandanı bir qarış qabağa aparar, gələn il Əli işləyər, iki qarış irəli aparar. Əsas odur ki, özümüzkülərə güvənək, etibar edək. Başa düşürəm, əcnəbi məşqçi gəldi-gedərdir, getməyi ilə hər şey ört-bastır olur. Özümüzkülər burada qalırlar deyə, millini çalışdırmamalıdırlar? Yəqin ki, dediyim fikirlər üstüörtülü olsa da, kimlərəsə çatdı. Bir daha deyirəm, de Byazinin gedişinə çox sevindim.

– Razısınız ki, de Byazi ilə daha tez sağollaşmalıydıq? 3 ildən artıq müddətdə millimizə nə verdi ki?

– Dediyinizlə razıyam. De Byaziyə qədər Foqts və digərlərini də gördük. Foqts illər ərzində Azərbaycan futboluna nə verdi ki? Hansı inkişaf planını ortaya qoydu? De Byazi də həmçinin. Bu insan 3 ildə Azərbaycan futboluna nə bəxş etdi? Bəlkə hansısa məşqçiləri bir yerə yığdı, təkliflər irəli sürdü, klubların təlim-məşq toplanışlarını, yoxlama oyunlarını izlədi, mənim xəbərim yoxdur. Biz oynadığımız dövrdə hansısa Avropa ölkəsinə oyuna getdiyimiz zaman saatlarla müxtəlif şəhərlərin aeroportunda dəmir oturacaqların üstündə yatırdıq. Bu gün dövlətimiz sağ olsun, idmana elə qayğı göstərir ki, milli komandamız hər yerə çarter reysi ilə hərəkət edir. Bunun əvəzində nəticə varmı? Bəli, de Byazinin göndərilməsi gecikmiş qərardır. Amma ziyanın yarısından qayıtmaq da xeyirdir.

– De Byazinin Belçika ilə oyundan sonra mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistləri “axmaq” adlandırmasını necə qarşıladınız?

– Mən yerlipərəst insanam. İdman jurnalistikamızda əyilməyən, sınmayan insanlar var. Deməzdim ki, elə danışdığı üçün günah de Byazidədir. O kimdir ki?! Başında duran, arxasında dayanan insanlar ona o şəraiti yaradıblar ki, bizim jurnalistləri təhqir edir. Görün, nə dərəcədə qudurmuş insandır ki, Arif Əsədova təpik vurur. Arif Əsədov avtoritet sarıdan heç də de Byazidən geri qalmır. Əgər o, İtaliyanın de Byazisidirsə, Arif Əsədov da bizim de Byazimizdir. Çox istərdim ki, bu sözləri İcraiyyə Komitəsinin iclasında de Byazinin üzünə deyim.

– Əksəriyyət kimi, siz də millinin yeni baş məşqçisinin yerli mütəxəssis olmasını istəyirsiniz. Konkret namizədləriniz varmı?

– Mən əzəldən millinin baş məşqçisinin yerli olmasını istəmişəm. Bizim futbolun səviyyəsi o deyil ki, xarici məşqçi gətirək. Namizədlər çoxdur: cavanı var, yaşlısı var, orta yaşlısı var. Bu gün bir nömrəli məşqçimiz Qurban Qurbanovdursa, ona millidə işləməyə imkan vermədilər. Kimliyindən asılı olmayaraq, o posta təyin ediləcək məşqçi robot olmamalıdır ki, onu kimlərsə idarə etsin. Həmin insan da özünə hörmət etməlidir. Yaxşılarından iraq, bizdə elə məşqçilər var ki, “kukla” kimi otururlar, kənardan jostiklə idarə olunurlar. İşləməkdən ötrü buna razılaşırlar. Baş məşqçi rəhbərliyin qabağına şərt qoymalıdır ki, nəticə istəyirsən, yoxsa oyun? Daha “filankəsi milliyə çağırmalısan, bəhmənkəsi niyə çağırdın” söhbətləri yığışmalıdır.

– Sizcə, millini yerli məşqçi çalışdıracaqsa, ona neçə il vaxt verilməlidir?

– Əcnəbilərdən 2 dəfə artıq vaxt verilməlidir. Milli ilə klublar arasında fərq var. Klubda məşqçinin çatışmazlığı ola bilər, amma yığmada ən güclülər oynayırlar. Mənə elə gəlir ki, normal məşqçi qısa zamanda futbolçularla dil tapıb, verilən fürsətdən yaxşı istifadə edə bilər.

– Hazırkı heyətlə daha yaxşı nəticələrə imza atmaq mümkündür. Razısınız?

– İndi də yığmada artıq futbolçular var. Bir neçəsi var ki, yığmaya layiq deyillər. Onları çıxmaq şərtilə, qalan heyətimiz yaxşıdır. Bu futbolçularla yaxşı futbol göstərmək, uğur qazanmaq olar. Amma yenə deyirəm, bəzi futbolçular var ki, milli adına ləkədirlər və kimlərinsə tapşırığı ilə çağırılırlar.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp