21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

– U-21 yığmamız Avro-2025-in seçmə mərhələsində Ukrayna ilə keçirdiyi oyunda 0:1 hesablı məğlubiyyətə üzüldü. Qrup lideri ilə matçdan xalla ayrılmaq üçün nə çatmadı?

– Həqiqətən də güclü rəqibə qarşı oynadıq. İstər beynəlxalq, istərsə də yoldaşlıq oyunları olsun, bugünədək üz-üzə gəldiyimiz ən güclü rəqib idi. Əbəs yerə Ukrayna millisi qrupda birinci yerdə qərarlaşmayıb, keçirdikləri 5 görüşün hamısında qələbə qazanıb. Hətta İngiltərə yığmasını 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. Seçmə mərhələnin digər matçlarında qol da buraxmayıb. Buna baxmayaraq, oyundan əvvəl də qeyd etmişdim ki, hər bir rəqibə qarşı oynamaq mümkündür, əsas odur, ağılla, düzgün oynayasan. Biz Ukrayna yığmasının qrupda keçirdiyi görüşlərin hamısını təhlil etmişdik. Bilirdik ki, nə qədər çətin oyun olsa belə, rəqib boşluqlar verəcək. İlk dəqiqələrindən daha sıx, kompakt oyun nümayiş etdirməyə çalışdıq ki, onlara boş zonalar verməyək. Buna rəğmən, ilk 15-20 dəqiqə ərzində bizə çox çətinlik yaratdılar, sürətli futbol oynadılar, uşaqlar o sürətə uyğunlaşana kimi bir qədər vaxt lazım oldu. Ümumilikdə komandamız yaxşı döyüşdü, ağıllı futbol nümayiş etdirdi. Hətta qol vəziyyətləri yaratdıq, ikinci hissədə daha çox hücumlar təşkil etdik. Həm hesabı bərabərləşdirmək, həm də önə çıxmaq üçün imkanlarımız oldu. Sadəcə, yaratdığımız epizodları dəyərləndirmək üçün soyuqqanlılıq, ustalıq təcrübəsi çatmadı.

– U-21 növbəti rəsmi oyunlarını martın 22-də İngiltərə, 26-da isə yenidən Ukrayna yığmasına qarşı keçirəcək. Bu görüşlərdən gözləntiniz nədir? İngiltərə kimi güclü rəqiblə matçda hansı nəticəyə ümid edirsiniz?

– İngiltərə və Ukrayna yığmaları həddindən artıq güclü komandalardır. Bu gün Azərbaycanla həmin ölkələrin futbolunu bir tərəziyə qoymaq düzgün deyil. Bizi ən çox düşündürən məsələ odur ki, uşaqlar – 1-ci Liqa, əvəzedicilərin çempionatında oynayanlar, əsas komandalarda məşq edən və meydana çıxanlar artıq öz klublarına qayıtdılar. Dekabrda oyunlar bitəcək və qış fasiləsi olacaq. Uşaqların əsas heyətlərdə olmasını istərdik. Sözüm odur ki, 4 ay sonra bu futbolçuların hansı formada olmasından çox şey asılıdır. Biz bir də 4 aydan sonra, oyundan 3-4 gün qabaq yığışıb komandanı hərtərəfli hazırlamalıyıq ki, İngiltərə və Ukraynaya qarşı yaxşı mübarizə aparaq, hər iki oyunda bacarığımızı göstərək. Yenə bu fikirdəyəm ki, hər bir rəqibə qarşı oynamaq mümkündür. Mümkün qədər əlimizdən gələn hər şeyi etməliyik ki, meydandan həm yaxşı mübarizə, həm də nəticə ilə ayrılaq.

– Canni de Byazinin A millimizdən ayrılacağını gözləyirdiniz?

– U-21-in baş məşqçisi olaraq, əsas millinin çalışdırıcısı barədə fikir bildirmək peşəkarlıqdan bir az uzaqdır. Qısaca onu deyim ki, de Byazinin gedişini həm gözləyirdim, həm də açığı istəyirdim. Düzdür, İsveç üzərində tarixi qələbə qazandı. Bundan öncə də uğurlu oyunlar olmuşdu, bunu danmaq olmaz. Millətlər Liqası və yoldaşlıq matçlarında ardıcıl 5 qələbəyə imza atdı. Amma görünən o idi ki, istər futbol ictimaiyyəti, istər jurnalistlər, istərsə də azarkeşlər olsun, de Byazi onların sevgisini, rəğbətini qazana bilməmişdi. Bunu da son oyunlarda özü dərk edirdi.

– De Byazinin gedişini Belçika ilə oyunsonrası mətbuat konfransında ona sual verən azərbaycanlı jurnalistlərə “axmaq” deməsi də qaçılmaz etdi. Bir əcnəbinin gəlib azərbaycanlılar haqda belə ifadə işlətməsini necə qarşıladınız?

– İstər yerli, istər xarici məşqçi olsun, jurnalistin suallarına cavab vermək hər kəsin borcudur. Sual qıcıqlandırıcı olsa belə, fərqi yoxdur. Təcrübəli məşqçi 0:5 hesablı məğlubiyyətdən sonra gözləməli və bilməliydi ki, elə suallar veriləcək. Yaxşı hərəkət deyildi.

– AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra bildirdi ki, yığmaya yerli məşqçinin təyin olunmaq ehtimalı az deyil. Sizin namizədliyiniz irəli sürülsə, qəbul edərsiniz? Özünüzü əsas millidə işləməyə hazır sayırsınız?

– Özümlə bağlı fikir bildirməyəcəyəm. Amma tam səmimi deyirəm ki, yerli mütəxəssislər arasında işini sevən və bilən, öz üzərində çalışan, milli komandaya rəhbərlik etməyə layiq bir neçə məşqçi var. Adlar çəkmək istəmirəm, çünki kimisə unuda bilərəm. Federasiya rəhbərliyi və İcraiyyə Komitəsinin hərtərəfli, dərindən təhlil aparıb, yerli mütəxəssisin üzərində dayanacağına inanıram. Kim olur-olsun, Azərbaycan futbolu üçün uğur gətirsin.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp