“Xarı Bülbül Şuşa” voleybol klubu Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət ünvanlayıb.
Futbolinfo.az xəbər verir ki, müraciət 23 noyabrda Yüksək Liqa çərçivəsində keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlı olub.
Sənəddə bildirilir ki, “Xarı Bülbül Şuşa” klubu Çağırış kubokunun 1/16 final mərhələsi çərçivəsində noyabrın 29-da Yunanıstanın “Panatinaikos” kollektivinə qarşı cavab matçına çıxacaq. “Xarı Bülbül Şuşa”nın bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın” matçının təxirə salınması xahiş olunub.
AVF daxil olmuş müraciəti nəzərə alaraq, noyabrın 23-ə planlaşdırılan “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın” matçının təxirə salınması ilə bağlı qərar qəbul edib.
Prosport.az saytının yaydığı xəbərə görə isə kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları dağılmaq təhlükəsinin astanasındadır.
Bildirilir ki, bu mövsüm Yüksək Liqanın ilk turunda üz-üzə gəlməli olan komandaların oyununun təxirə salınmasının əsas səbəbi maliyyə ilə bağlıdır.
Komanda federasiyadan maliyyələşmədiyindən, klub prezidenti təyin olunan Hacı Nuran Hüseynov isə sponsor tapmaq yönündə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyindən, hər iki komanda dağılmaq təhlükəsi ilə üzləşib. Danışıqlar aparılan şirkətlər komandaya sponsorluq etmək istəməyib. Artıq Hacı Nuran “Xarı Bülbül Şuşa”nın prezidenti postundan kənarlaşdırılıb.
Komanda hazırda 3 aydır ki, maaş üzünə həsrətdir. “Xarı Bülbül Şuşa” bu səbəbdən avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın “Panatinaikos” komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib. Yalnız Azərbaycan Voleybol Federasiyası 1 ayın maaşını ödəməyi boynuna götürdükdən sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.
Bununla belə, “Xarı Bülbül Şuşa”nın Afinada keçirəcəyi səfər oyununa çıxması sual altındadır. Çünki noyabrın 29-da baş tutacaq oyun üçün təyyarə biletləri maliyyə problemləri ucbatından alınmayıb. Əgər komanda 3 gün ərzində maliyyə tapa bilməsə, komanda dağılacaq və texniki məğlubiyyət veriləcək. Bundan başqa, Avropa Voleybol Konfederasiyasının (CEV) bu duruma görə Azərbaycan Voleybol Federasiyasını cəzalandıracağı istisna olunmur.
Qeyd edək ki, “Xarı Bülbül Şuşa” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” klubunu Bakıda keçirdiyi hər iki oyunda məğlub etməyi bacarmışdı.