FIBA rəsmi saytında 2024-cü il Olimpiya Oyunlarının dörd seçmə turnirinin püşkatma qaydalarına aydınlıq gətirib. Seçmə turnirlər gələn il iyulun 2-dən 7-dək keçiriləcək.

Hər təsnifat turnirində bir vəsiqə uğrunda mübarizə aparılacaq. Kiçik turnirlərə ev sahibliyi edəcək ölkə və şəhərlər FIBA İcraiyyə Komitəsinin noyabrın 27-də keçiriləcək iclasında təsdiqlənəcək.

Dörd turnirin hər birində komandalar iki qrupa (A və B) bölünəcək. Yəni püşkatma zamanı 24 komanda üç komandadan ibarət səkkiz qrupda yerləşdiriləcək.

Püşkatma səbətlərinin tərkibi FIBA reytinqinə əsasən müəyyən edilib:

1-ci səbət. İspaniya, Latviya, Litva, Sloveniya.

2-ci səbət. Braziliya, İtaliya, Yunanıstan, Polşa.

3-cü səbət. Puerto-Riko, Monteneqro, Dominikan Respublikası, Finlandiya.

4-cü səbət. Yeni Zelandiya, Gürcüstan, Meksika, Livan.

5-ci səbət. Xorvatiya, Kot d`İvuar, Anqola, Filippin.

6-cı səbət. Misir, Baham adaları, Kamerun, Bəhreyn.

1, 4 və 5-ci səbətlərin komandaları A qrupuna, 2, 3 və 6-cı səbətlərin komandaları isə B qrupuna düşəcək.

Coğrafiliyi qorumaq üçün aşağıdakı məhdudiyyətlər də tətbiq edilib:

hər qrupda maksimum iki Avropa komandası və hər turnirdə maksimum üç Avropa komandası ola bilər;

hər qrupda Amerikadan maksimum bir komanda ola bilər;

hər bir turnirdə Asiya və ya Okeaniyadan maksimum bir komanda ola bilər;

hər bir turnirdə Afrikadan maksimum bir komanda ola bilər.

Püşkatma mərasimi bazar ertəsi, noyabrın 27-də, Bakı vaxtı ilə saat 22:00-də Miesdəki (İsveçrə) Patrik Bauman adına “Basketbol Evi”ndə keçiriləcək.

Shares: