“Qəbələ” klubunun iordaniyalı futbolçusu Omar Haninin Futbolinfo.az saytına müsahibəsi

  • “Qəbələ” Misli Premyer Liqasında 13 tura cəmi 8 xal toplayıb və hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Uğursuz nəticələrin səbəbini nədə görürsünüz?
  • Əslində, yaxşı futbol oynayırıq, amma bəxtimiz gətirmir. Komanda oyununda problem yoxdur. Sadəcə, hər matçda müxtəlif futbolçuların fərdi səhvləri olur. Bu da bizə baha başa gəlir. Gedişatı dəyişmək lazımdır. Daha diqqətli davranmalı, bütün fikrimizi matçlara yönəltməliyik. Oyunumuzda düzəlişlər etmək üçün vaxtımız var.
  • Çempionatın 14-cü turu çərçivəsində şənbə günü “Turan Tovuz”u qəbul edəcəksiniz. Rəqib turnir cədvəlində 8-cidir. Bu isə o deməkdir ki, sizin üçün “6 xallıq” matç olacaq. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?
  • Düz qeyd etdiniz. “Turan Tovuz”la oyunda bizi ancaq qələbə qane edir. Turnir cədvəlində mövqelərimiz yaxındır, bundan əlavə rəqibi evdə qəbul edəcəyik. Buna görə də ancaq qalibiyyət haqda düşünürük. Yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik.
  • Ötən mövsüm xüsusən hücum planındakı gücü ilə seçilən “Qəbələ” bu mövsüm 13 oyuna cəmi 7 qol vurub. Vurulan qol sayına görə də ən zəif 2 komandadan birisiniz. Ön xətdəki “dişsizlik” nə ilə bağlıdır?
  • Epizodları dəyərləndirməkdə problem yaşayırıq. Qol vəziyyətləri zamanı dəqiq davranmalıyıq. Baş məşqçinin bizdən nə tələb etdiyinə daha çox diqqət yetirməliyik.
  • Cari mövsümdə öz çıxışınızdan razısınız? “Qəbələ” kimi, siz də qol vurmaqda çətinlik çəkirsiniz. Qol orucunu nə vaxt pozacaqsınız?
  • Daha yaxşı oynaya bilərəm. Ümid edirəm ki, quru seriyaya “Turan Tovuz”la oyundaca son qoya biləcəyəm. Çox istərdim ki, qarşıdakı matçda fərqlənim. Bunun üçün əlimdən gələni edəcəyəm.
  • Qış fasiləsində komandaya yeni futbolçular cəlb olunmalıdır? Yoxsa hazırkı heyətlə də çətin vəziyyətdən çıxmaq mümkündür?
  • Yaxşı transferlər komandanı gücləndirə bilər. Amma təkcə hücum xətti deyil, bütün mövqelər nəzərə alınmalıdır. Yeni oyunçular alınacaqsa, bütün mövqelər güclənsə, yaxşı olar.
  • “Qəbələ” Premyer Liqadakı yerini qoruya biləcək?
  • Məncə, qoruya biləcək. Mövsümü turnir cədvəlində ön sıralarda da bitirmək mümkündür. Hələ çempionatı yarılamamışıq. Turnir cədvəlində irəliləmək üçün imkan var.
  • 2021-ci ildən “Qəbələ”nin formasını geyinirsiniz. Azərbaycan çempionatının cari mövsümü əvvəlkilərdən nə ilə fərqlənir?
  • Rəqabət artıb. Bunu matçlarda görmək mümkündür. Bütün komandalar bir-birlərindən xal alacaq gücdədirlər. Rəqabətin mövsümün qalan hissəsində də davam edəcəyini gözləyirəm.

FƏRİD

Shares: