1918-ci ildə cümhuriyyətimizin qurulmasından sonra ölkədə müxtəlif qurumların da əsası qoyuldu. Bu səbəbdən də son illərdə biz müxtəlif idarə və təşkilatların 100 illik yubileylərinin şahidi olmuşuq. Təəssüf ki, AXC-nin ömrü uzun sürmədi. Qısa müddət ərzində ölkəmizdə bir dövlətin fəaliyyət göstərməsi üçün lazım olan bütün təşkilatlar yaradıldı. Məhz dövlətimizin yaşam müddətinin az olmasına görə qurum və təşkilatların yaradılmasında növbə idmana çatmadı.

Buna baxmayaraq, sovet hakimiyyəti qurulduqdan sonra idman da cəmiyyətin ayrılmaz bir hissəsinə çevrildi. Artıq o zaman yaranmış federasiyaların da yaşı 1 əsrə çatıb. Söhbət 1923-cü ildə əsası qoyulan Azərbaycan Atletika Federasiyasından gedir.

Atletikanı idmanın kraliçası adlandırırlar. Həqiqətən də bu belədir. Olimpiya Oyunlarının bəzəyi nə futbol, nə basketbol, nə voleybol, nə də digər idman növləridir. Olimpiadaya bəzək verən, rəng qatan məhz atletika yarışlarıdır.

İdmanın ən kütləvi, ən baxımlı və ən qədim tarixə malik növlərindən biri üzrə ilk yarışlar eramızdan əvvəl 776-cı ildə Qədim Yunanıstanda təşkil olunan Olimpiya Oyunlarına təsadüf edir. Ölkəmizdə isə atletika 100 illik tarixə malikdir. Azərbaycanda ilk yüngül atletika birliyi 1923-cü ildə təşəkkül tapıb. Həmin vaxtlar atletika həvəskarları daha çox dənizkənarı bulvarda toplaşır, burada məşq edirdilər.

1923-cü ildə Respublikada Bədən Tərbiyəsi və İdman üzrə Ali Şuranın yaradılması ilə Bakı ilə yanaşı bölgələrdə də atletika inkişaf yoluna qədəm qoydu. 1926-cı ildə keçirilən yarışı atletika üzrə ilk Azərbaycan çempionatı hesab etmək olar. Qalina Qaneker ilk SSRİ rekordunu qıran, Nikolay Mityanin isə ilk SSRİ çempionu olan atlet kimi idman tariximizə düşdü. Qaneker həmçinin SSRİ yığmasının heyətinə daxil olan, eyni zamanda SSRİ idman ustası adını alan ilk atletimiz oldu.

Müharibədən sonra idmanın bütün növlərində olduğu kimi yüngül atletikada da dirçəliş başlanır. Bu dövrdə dəfələrlə Azərbaycan çempionu və rekordçusu olmuş Əfqan Səfərovun məşqçilik fəaliyyəti xüsusi ilə qeyd olunmalıdır. 1937-ci ildən “Dinamo” cəmiyyətində məşqçilik fəaliyyətinə başlayan Səfərov Böyük Vətən müharibəsində iştirak etdikdən sonra işini davam etdirib və 50-dən çox idman ustası hazırlayıb. SSRİ-nin əməkdar məşqçisi Əfqan Səfərovun yetirmələri sırasında Xandadaş Mədətov, Aleksandr Kornelyuk, Stanislav Nenaşev, Ziba Ələsgərova və digər yüksək nailiyyətlər əldə etmiş idmançılar yer alır.

708138b1 5647 4821 98f0 628791aaf17b - Futbolinfo.az

Planetin ən mötəbər idman forumu olan Olimpiya Oyunlarında Azərbaycan idmançıları 1952-ci ildən çıxış etməyə başlayırlar. SSRİ idmançıları ilk dəfə Helsinkidə təşkil olunan 15-ci yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edirlər. Onlar arasında Azərbaycan atleti Xandadaş Mədətov da var idi. Atletlərimizin ilk olimpiya medalı 4 il sonra Avstraliyada əldə olunur. Melburnda təşkil olunan oyunlar Yuri Konovalov üçün uğurlu alınır. SSRİ çempionatında 100 və 200 metr məsafələrə qaçışda çempion olmuş Konovalov 100 metrlik estafet yarışında Olimpiya Oyunlarının gümüş medalına sahib çıxır. 4 il sonra Romada təşkil olunan Olimpiadada Yuri Konovalov eyni növdə anoloji uğuru təkrarlayır.

Həmin dövrün ən parlaq simalarından biri də adı Azərbaycan idman tarixinə qızıl hərflərlə yazılan Ziba Ələsgərovadır. Onun peşəkar idmançı kimi formalaşmasında da Əfqan Səfərovun mühüm rolu olub. Respublika və ittifaq yarışlarında əldə etdiyi çoxsaylı uğurlardan sonra SSRİ yığmasına cəlb olunan Ələsgərova 1963-cu ildə Moskvada 200 metr məsafəyə estafet yarışında dünya rekordu müəyyənləşdirib.

1972-ci il Münhen Olimpiadası Azərbaycan atletika tarixinə düşür. Azərbaycan atleti Aleksandr Kornelyuk 100 metrlik estafetdə Silov, Loveçki və Borzovla birlikdə Olimpiadanın gümüş medallarını qazanır.

SSRİ-nin dağılmasından sonra müstəqil Azərbaycanda atletika özünün yeni tarixini yaşamağa başladı. Beynəlxalq Həvəskar Atletika Federasiyasının İcraiyyə Komitəsinin 30 may 1992-ci ildə Toronto toplantısının qərarına əsasən Azərbaycan Yüngül Atletika Federasiyası bu quruma üzv qəbul edildi.

Təəssüf ki, müstəqillik dönəmində Azərbaycan atletikasında durğunluq dövrü yaşanıb. Ölkəmizdə heç vaxt populyarlığı ilə seçilməyən bu idman növündə müxtəlif yarışlarda çıxış edən idmançılarımız olub. Lakin onlar arasında hansısa ciddi uğurdan danışmaq olmaz. Bu müəddət ərzində Azərbaycan atletikası deyildikdə ilk ağla gələn Ramil Quliyev olub. Ölkəmizin bayrağı altında beynəlxalq çıxışlara başlayan sprinterimiz avropalıya xas olmayan keyfiyyətiləri ilə seçilib. Məhz bu keyfiyyətləri görən qardaş Türkiyə respublikası onu öz bayrağı altında çıxış etməyə inandırmağı bacarır. Türkiyə millisinin tərkibində isə Ramil 2017-ci ildə Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçışda 20.09 saniyə göstərici ilə qızıl medal qazanaraq tarixin ən sürətli insanı Useyn Boltun taxtına oturur.

74ffcea9 33ad 4ead 8d40 7821230e2147 - Futbolinfo.az

Təbii ki, tarix ərzində uğurlarımızın əldə olunmasında Əfqan Səfərovla yanaşı Aleksandr Şepelev, Aleksandr Antipov, Eldar Rüstəmov, Bəhruz Salehli, Tofiq Əliyev, Ziyad Xəlfəyev və digər məşqçilərimizin əvəzedilməz rolu olub. Ancaq bu gün biz adları çəkilən insanların işini layiqincə davam etdirə bilmirik. Atletika ölkəmizdə orta məktəblərdə tədris edilən yeganə növlərdən biridir. Buna baxmayaraq, bu kütləviliyi süni adlandırmaq lazımdır. Belə ki, formal xarakter daşıyan dərslər uşaqlarda bu idman növünə maraq yaratmır. Məhz buna görə də ölkəmizdə atletikayla məşğul olan gəncləri görmək mümkün olmur.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp