“Kəpəz”in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 14-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, qolsuz bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm ki, bu gün bizi təlk qoymadılar, dəstək verdilər. Futbolçular da əllərindən gələni etdilər. Komandada yeni olsaq da, tam üslubumuzu tətbiq etmək üçün müəyyən vaxt lazımdır. Milli komandalara görə çempionata verilən fasilə zamanı çalışdıq ki, nələrəsə nail olaq. Qismən də istədiklərimizə nail ola bildik. Bundan sonrakı matçlara baxacağıq. Daha çətin oyunlarımız gəlir, sıx qrafikimiz olacaq. Futbolçularla bu barədə danışmışıq. Komandamız daha yaxşı performans göstərərək, uğurlu nəticələr qazana bilər.

Hər komandada davamlı dəyişikliklər olmalıdır. Bu komandada hər oyun üslubu olaraq, həm də futbolçu sarıdan dəyişikliklər etmək lazımdır. Bəzi futbolçulara ehtiyacımız var. Onu da qış fasiləsində etmək istəyirik. Amma hazırda bizdə olan futbolçuların ən yaxşı performanslarını göstərməsini istəyirik.

Bəzi oyunçularla müqavilə bağlamaq haqda fikirləşirik. Amma onların qışa qədər vaxtı var. Gərək o dönəmdə özlərini göstərsinlər ki, komandada qalsınlar. Bu, hər bir futbolçuya aiddir.

Futbolçulara aşılamaq istəyirik ki, davamlı olaraq öz futbolumuzu oynayaq. Rəqibin kimliyindən asılı olmayaraq, çalışırıq ki, istədiyimiz oyunu meydanda tətbiq edək. Ki, öz üslubumuz seçilsin. “Kəpəz”in hər zaman öz üslubu olub, hücum futboluna üstünlük verib. Biz də, futbolçulara olduqları yeri bilmələrini aşılayırıq. Futbolçulara psixoloji cəhətdən buna hazır olmalıdır. Onlar bilməlidir ki, futbola regionunu təmsil edirlər”.

Shares: