“Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 14-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Dramatik oyun keçdi. Qalib gəlməyi çox istəyirdik. Bizim günümüz deyildi. Lakin komandamın oyunundan razıyam. 13 turda bəlkə də bir oyunda bu qədər qol vəziyyəti yaratmamışdıq. “Kəpəz” zəif rəqib deyil. Liqada zəif komanda yoxdur. Heç-heçə oynamağa gəlmişdilər, buna da nail oldular. Sıx müdafiəyə qarşı sürətimiz çatmadı. Oyunun günorta keçirilməsi ilə əlaqədar futbolçularda monotonluq var idi, sanki sürət çatışmırdı. Yuxulu deyildilər, amma partlayış sürətinin çatışmaması bizə mane oldu. Futbolçulara təşəkkür etdim. Qızıla bərabər bir xal qazandıq. Elə oyun oynamışıq ki, rəqib bizdən daha yaxşı oynasa da, qalib gəlmişik. Sıx qrafikdəyik. “Kəpəz”ə uğurlar arzulayıram. Gəncə Azərbaycanın futbol beşiyidir. “Kəpəz”in Premyer Liqada qalması çox xoş olardı”.