Əbu-Dabidə Formula 1 üzrə dünya çempionatının son qran-prisinin təsnifat mərhələsi geridə qalıb. Gözlənildiyi kimi, Maks Ferstappen hamıdan yaxşı nəticə göstərərək poul qazanıb. O, bir dövrəni 1 dəqiqə 23,445 saniyəyə başa vurub. İkinci nəticə göstərən Şarl lekler ondan cüzi geri qalıb. “Ferrari”nin digər pilotu isə Leklerdən fərqli olaraq uğursuzluğa düçar olub. Karlos Sayns ilk sessiyanı keçə bilməyərək 16-cı nəticə göstərib.

Maks Ferstappenin komanda yoldaşı Serxio Peres üçün də təsnifatı uğurlu saymaq olmaz. Meksikalı pilot yalnız 9-cu nəticə göstərə bilib. “Maklaren”in gənc sürücüsü Oskar Piastri bu dəfə də daha təcrübəli komanda yoldaşı Lando Norrisdən yaxşı nəticə göstərib. O, bügünkü final yarışına 3-cü sıradan başlayacaq. Lyuis Həmilton 11-ci nəticə göstərdiyi halda, komanda yoldaşı Corc Rassel 4-cü yeri tutub. Ən maraqlı nəticələrdən biri “Alfa Tauri”nin yapon pilotu Yuki Tsunodanın 6-cı olmasıdır.

Xatırladaq ki, Əbu-Dabi qran-prisinin final mərhələsi bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Shares: