“Neftçi”nin baş məşqçisi Adrian Mutunun adı son günlər ölkəsi Rumıniyada ÇFR-lə birgə hallanır.

Futbolinfo.az xəbər verir ki, Kluj-Napoka təmsilçisində postu laxlayan çalışdırıcı Andrea Mandorliniyə ən layiqli namizəd məhz Mutu hesab olunur.

Rumıniya klubunun sahibi Nelutsu Varqa məsələ ilə bağlı açıqlama verib. O, qış fasiləsində bəzi dəyişikliklərin olacağını təsdiqləyib. Rəhbər italiyalı çalışdırıcının taleyinin pley-offa çıxıb-çıxmamalarından asılı olacağını gizlətməyib: “O qədər də məyus deyiləm. Çünki hələ də titul uğrunda mübarizə aparırıq. Mandorlinidən şikayətim yoxdur. Çünki yayda köklü islahat olmuşdu və komanda əvvəlkilərdən fərqli futbol oynayır. Onun qarşısına qoyduğum məqsəd titul qazanmaqdır. Pley-offdakı nəticələr həlledici ola bilər. Qışda iki hücumameyilli oyunçu alacağıq. Çünki hazırkı heyətin 2-3 üzvündən narazıyam”.

Qeyd edək ki, ÇFR hazırda 32 xalla Rumıniya çempionatının 2-ci pilləsində qərarlaşır.

Shares: