Formula 1 üzrə dünya çempionatına yekun vuruldu. Bütün mövsüm ərzində builki çempionatı izləmək azarkeşlərə zövqdən də çox əziyyət bəxş etdi. Bunun da səbəbi bir nəfərdir: Maks Ferstappen.

İllər keçəcək, hamının əziyyətlə izlədiyi 2023-cü il çempionatından çox danışılacaq. Naycel Mensel, Mixael Şumaxer, Sebastyan Fettel və Lyuis Həmiltonun da çempion olduqları illərdə belə olub. Bu gün heç bir azarkeş 1988-ci il çempionatının maraqsız olduğundan danışmır. Həmin il barədə söhbət gedərkən, “Maklaren”in yalnız bir yarışda qalib gələ bilmədiyinə təəssüf hissi keçirilir.  Çox güman ki, bu il haqqında danışılarkən, Karlos Saynsın bir yarışda “Red Bull”un seriyasını qırdığı qeyd ediləcək.

Ümumiyyətlə , Formula 1 buna öz azarkeşlərini çoxdan alışdırıb. Hər nə qədər istəməsək də, bu yarışlarda çox zaman digərlərindən kifayət qədər seçilən maşınlar olub. Məhz həmin bolidlərin sürətli olması bir çox rekordların yenilənməsi ilə nəticələnib. Bu il isə “Red Bull” və Maks Ferstappenin rekordları bütün göstəriciləri kölgədə qoydu.

İlk növbədə komandanın bu il əldə etdiyi nailiyyətlərə nəzər yetirək. Keçirilən 22 yarışdan 21-də “Red Bull” pilotları qələbə qazandılar. 22 mərhələnin 11-də poul komandanın sürücüsünə qismət oldu. 6 sprint yarışından 5-də finiş xəttini birinci “Red Bull” pilotu keçdi. İl ərzində 30 podium qazanıldı. 22 yarışın 11-də sürətli dövrə məhz Avstriya komandasına qismət oldu. Çempionat ərzində qazanılan xallar isə 860 oldu. Komanda ardıcıl qələbələrin sayına görə “Maklaren”in rekordunu yenilədi.

8c47fe1b 4527 45cb 831e 66291ca7249d - Futbolinfo.az

Maks Ferstappen 22 yarışın 19-da qalib oldu. Bu da 86,4 % deməkdir. Bu göstəriciyə görə o, Formula 1 tarixinin birincisi oldu. Ona qədər Alberto Askari rekordçu idi. O, 1952-ci ildə keçirilən 8 mərhələnin 6-da qalib olmaqla 75%-lik nəticə göstərmişdi. 3-cü yerdə qərarlaşan Mixael Şumaxerin 2004-cü ildə 18 yarışın 13-də qalib gəldiyini də vurğulamaq olar.

Maks Ferstappen dünən daha bir unikal rekordun sahibinə çevrildi. Bir mövsüm ərzində onun liderlik etdiyi dövrələrin sayı 1003-ə çatdı. Bu da il ərzində ümumi yarış məsafəsinin 75%-i deməkdir. Yəni, il ərzində izlədimiyimiz yarışlarda hər 4 dövrədən 3-də Maks peletonun önündə olub. Bu vaxta qədər heç bir pilot bir çempionat ərzində 1000 dövrə lider olmamışdı.

Ferstappen kimi heç bir pilot karyerası ərzində belə sabit və uğurlu mövsüm keçirməyib. Qazanılan 19 qələbənin 10-u ardıcıl olub. Bu da Formula 1 tarixində ən uzun seriyadır. Bütün bu bacarığı onu yarışların əfsanələri sırasına qatıb.

264be1e8 cbc3 4ce5 8679 6afd5790fb6f - Futbolinfo.az

2023-cü il niderlandlı sürücü üçün karyerasının pik nöqtəsidir. Ən azından rəqbilər belə düşünür. Onun bir daha belə nəticələr göstərməsinə “Ferrari”, “Mersedes” və “Maklaren” razı olmaz. Məhz bu amil bizi növbəti mövsüm üçün bir qədər ümidləndirir.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp