İtaliya komandası tarixində ikinci dəfə Devis kubokunun qalibi olub. Birinci dəfə italyanlar 1976-cı ildə kuboku qazanmışdılar. Ondan sonra komanda 4 dəfə finala yüksəlsə də, məğlubiyyətlə üzləşmişdi.
Dünən keçirilən final oyununda İtaliya tennisçiləri Avstraliyadan üstün olub. Kubokun taleyi 2 oyunda həll edilib. Əvvəlcə Aleksey Popırinlə Matteo Arnaldı qarşılaşıb. İlk set italyan tennisçinin xeyrinə başa çatıb. Lakin ikinci setdə Popırin tarazlığı bərpa edib. Həlledici setdə 6:4 hesablı qələbə ilə Arnaldi komandasını hesabda önə çıxarıb.
İkinci oyun komandaların liderləri arasında olub. Yannik Sinner Aleks de Minora aman verməyib. Minor görüş ərzində yalnız 3 geymdə qalib gələ bilib. Beləliklə də, cütlüklərin oyununa ehtiyac qalmayıb.