Tennis strukturunda böyük dəyişiklik gözlənilir. Yayılan şayiələrə görə, “Masters” seriyalı turnirlər sahibini dəyişə bilər. Bu işdə Səudiyyə Ərəbistanının da əli var.
Məlumata əsasən, “Böyük dəbilqə” seriyalı turnirləri təşkil edən 4 ölkə birləşərək “Masters”ləri almaq istəyir. Belə olduqda ATP və WTA turnirlərin təşkili hüququndan məhrum olacaq. Onlar yalnız ilin yekun turnirlərini və 500-lük reytinqə malik yarlışları keçirmək hüququna malik olacaqlar.
Yayılan xəbərə görə, “Böyük dəbilqə” seriyalı turnirlərin təşkilatçılarına Səudiyyə Ərəbistanı yardım edir. Deyilənlər reallaşarsa, Ciddədə “Masters” seriyalı bir turnir keçiriləcək. Qalan 9 turnirin yeri isə dəyişməz qalacaq.
Xatırladaq ki, bir neçə müddətdir tennisdə narazılıqlar baş qaldırıb. Əsas narazı olanlar da qadın tennisçilərdir. Onlar mükafat fondunun az olmasından gileylənirlər.