“Neftçi”nin sabiq futbolçusu Voyislav Stankoviçin futbolinfo.az saytına müsahibəsi

  • Serbiyanın “Jelezniçar” klubunda çıxış edirsən, orada durum necədir?
  • Burada hər şey möhtəşəmdir. 9 il sonra öz klubuma qayıtmışam. Azərbaycandakı uzunmüddətli karyeramdan sonra bura döndüm. Sağlamam, yaxşı oynayıram və meydanda özümü əla hiss edirəm. Mənim üçün meydanda yaxşı olmaq hər şeydən öndədir.
  • Azərbaycan çempionatını izləməyə davam edirsən?
  • Bəzən. Boş vaxtım olanda çalışıram ki, oyunlara baxım.
  • Sabiq klubun “Neftçi”nin vəziyyətini necə dəyərləndirirsən?
  • Mən onların vəziyyətini yaxşı dəyərləndirmirəm, görünən odur ki, durumları pisdir. Oyun baxımından da yaxşı vəziyyətdə deyillər. Bir neçə yeni oyunçu götürüblər. Onların “Neftçi” səviyyəsində futbolçu olduğunu düşünmürəm. Turnir cədvəlində baxanda “Neftçi”nin çətin vəziyyətdə olduğu görünür.
  • Adrian Mutu “Neftçi”ni bu vəziyyətdən çıxaracaq məşqçidir?
  • Düşünürəm ki, onun üçün hazırkı situasiyanı dəyişmək çətin olacaq. “Neftçi”nin oyununda hər hansısa inkişaf və ya təkmilləşdirmə yoxdur. Bunu görmək çətin deyil.
  • Səncə, Bakı klubunda yerli məşqçi daha uğur ola bilər?
  • Mən əminəm ki, yerli məşqçiyə şans verilməlidir. Niyə əcnəbi gətirirlər ki? Azərbaycanda çox sayda yerli məşqçilər var ki, istedadını sübut edib. Onlara şans və daha çox zaman vermək lazımdır. Mən “Neftçi”də çıxış edərkən Samir Abasovla çempionluq qazandıq, “Qəbələ”də Sənan Qurbanovla Azərbaycan Kubokunun sahibi olduq. Həmin vaxt Elmar Baxşıyev köməkçi məşqçi idi. Sonra o, “Qəbələ”nin “sükanı arxası”na keçdi və əla komanda yaratdı. Ötən mövsümü mükəmməl keçirdilər. Bu mövsüm Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” turnir cədvəlində 2-ci pillədədir və yaxşı oynayır. Problemsiz yerli məşqçilərə inanmaq lazımdır. Azərbaycan millisində də bunu etmək lazımdır.
  • “Qarabağ”ı növbəti dəfə çempion saymaq olar?
  • Əminəm ki, belə olacaq. Çünki onlar ölkənin ən yaxşı komandası olaraq qalırlar.
  • “Neftçi” yuxarı pillələrə qalxa bilər?
  • “Zirə” və “Səbail” yaxşı oyunla yuxarı pillədədirlər. “Neftçi” isə 6-cı yerdədir. Ümid edirəm ki, yaxşı olacaq. Amma mənzərə onu demir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp