Veteran futbolçu Yunis Hüseynovun futbolinfo.az saytına müsahibəsi

– Ötən mövsüm əsas rəqiblər sayılan “Sabah”la “Qarabağ”ın Premyer Liqanın 14-cü turundakı dueli liderlə autsayderlər zonasında qərarlaşan iki komandanın matçı xarakterini daşıyırdı. “Sabah”ın belə uğursuz çıxışını nə ilə əlaqəlındirərdiniz?

– Düzdür, bu, ötənilki “Sabah” deyil. Keçən mövsüm komanda çempionluq uğrunda mübarizə aparır, “Qarabağ”la başabaş oynayırdı. Ancaq bu mövsüm özünü yaxşı tərəfdən göstərə bilmir. “Qarabağ” 2:1 hesablı qələbə qazansa da, maraqlı oyun keçdi. Hər iki tərəfin imkanları oldu. “Sabah”ın penaltisi qolla nəticələnsəydi, mübarizə başqa istiqamətdə gedə bilərdi. İstənilən halda, “Qarabağ” çempionatın favoritidi, çempionatda onunla ayaqlaşacaq səviyyədə komanda yoxdur. Buna baxmayaraq, “Sabah” əvvəlki matçları ilə müqayisədə bu dəfə yaxşı mübarizə apardı. Bu cür oyununu davam etdirə bilsə, Konfrans Liqasına vəsiqə uğrunda mübarizəyə qoşulacaq.

– Ancaq komanda mövsümün startında çox xal itirib. Bu, sonda “Sabah”ın başını ağrıtmayacaq?

– Doğrudur, komanda çox xal itirib. Məncə, qış fasiləsində yeni transferlər edəcək. Qarşıda hələ çox oyun var. Fikrimcə, “Sabah” Konfrans Liqasında vəsiqə qazana biləcək. Yəqin ki, toparlanacaqlar.

– Bu turda “Araz-Naxçıvan”la heç-heçə edən “Neftçi” (1:1) də “Sabah”la eyni durumdadır. Bu komandada nə baş verir?

– Nə baş verdiyini bilmirəm. “Araz-Naxçıvan”la oyunu çox zəif keçirdilər. Naxçıvan təmsilçisi ikinci hissədə rəqibini tam üstələdi. “Neftçi”nin bu halda olması mənə çox pis təsir edir. Bilirsiniz ki, ömrümüzü bu kluba həsr etmişik, futbolçu kimi bizi məhz “Neftçi” tanıdıb. Belə oyunlara baxanda çox məyus oluram. “Neftçi”yə yaraşmayan oyun göstərirlər. Yəqin ki, oradakı əcnəbilərə hansı kluba gəldiklərini başa salmayıblar. Çünki özlərini yaxşı tərəfdən göstərə bilmirlər. Onlar dərk etməlidirlər ki, “Neftçi” Azərbaycanın ən köklü klubudur, SSRİ dönəmindən çıxış edir. Yayda gələn əcnəbilər “Araz-Naxçıvan” önündə heç nə ilə yadda qalmadılar. Yekunda da qonaqlar qol vuraraq, bərabərliyi təmin etdilər. “Neftçi” rəhbərliyi komandaya hər cür şərait yaradıb. Haqlı olaraq da nəticə tələb edirlər. Ancaq rəhbərliyin etimadını doğrulda bilmirlər. Transferlərlə kimlərin məşğul olduğunu bilmirəm. Yəqin ki, futbolçuları baxıb gətiriblər. Açığı, “Araz-Naxçıvan”la oyuna baxanda çox əsəbləşmişdim. Görünür, orada bəziləri “Neftçi”ni fikirləşmirlər.

– Dediniz ki, gələn əcnəbilərə “Neftçi” barədə düzgün məlumat verilməyib. Bəlkə onlar heç “Neftçi” səviyyəsində deyillər?

– Bəli, əminliklə deyə bilərəm ki, “Neftçi” səviyyəsində deyillər. Komanda mövsümün sonunda çempion da ola bilər, onda deyərlər ki, Yunis səhv danışıb. Təki mən səhv edim. Amma mən hazırkı vəziyyətə görə durumu dəyərləndirirəm. Yeni gələn əcnəbilərin heç biri bu ana qədər özünü yaxşı tərəfdən göstərməyib. Şəxsi fikrim belədir ki, bu mövsüm “Neftçi”dəki heç bir legionerdən xoşum gəlməyib. Onların heç biri bu kluba uyğun deyil. Onlar özlərini yaxşı tərəfdən göstərsəydilər, “Neftçi” hazırda 1-2-ci yerlərdə gedərdi. Mənə elə gəlir ki, onlar az pula gəlməyiblər. Rəhbərlik yaxşı maaş verir, hər cür şərait də yaradır. Bunun fonunda meydanda rəqiblərindən seçilmirlər. Deməli, zəif legionerdirlər. “Araz-Naxçıvan”la görüşdə Kilan Lebon meydana daxil olduqdan sonra oyunun axarında nə qədər dəyişiklik oldu. Sürəti sayəsində komandası üçün yaxşı imkanlar yaratdı. O isə yayda gəlməyib, əvvəldən komandadadır. İrəlidə oynayan hücumçunun deyilənə görə 3 milyon qiyməti var. Ancaq oyunu məni çox əsəbləşdirdi.

– “Neftçi”nin baş məşqçisi təyin olunsanız, hazırkı əcnəbilərdən hansını saxlayarsınız?

– Çox şeyi dəyişərdim. Çox yaxşı kollektiv yaradardım. Özümü tərifləmək üçün demirəm, olduğum komandada mehriban kollektiv, birlik yaratmışam. Futbolçu seçimim də pis deyil. “Araz-Naxçıvan”la matçda 1:0 hesabı ilə öndə idilər, ikinci hissədə qapılarında oturdular. “Neftçi” belə olmamalıdır.

– Ən yaxşı şərait yaradılan 3 klubdan ikisi “Sabah”la “Neftçi”dir və hər ikisinin baş məşqçisi əcnəbidir. Maraqlıdır, yerli mütəxəssisə belə şərait yaradılsaydı, bu nəticə fonunda onu postunda saxlayardılar?

– Əlbəttə ki, xeyr. Yerli məşqçi belə şəraitdə işləsəydi və bu cür nəticə versəydi, onu çoxdan yola salmışdılar. Buna yüz faiz əminəm. Həqiqətən də hər iki klubun rəhbərliyi komandaya çox gözəl dəstək nümayiş etdirir. Belə dəstək qarşılığında yerli məşqçi pis nəticə verməzdi.

– Geridə qalan turda “Sumqayıt”la qolsuz bərabərə qalan “Zirə” nəticələrinə görə təriflənir, oyununa görə tənqid olunur. “Sabah” və “Neftçi”nin zəif çıxışının “Zirə”nin yuxarı pillələrdə qərarlaşmasına təsiri var?

– “Zirə” pis komanda deyil, hazırda da öz yerindədir. Komanda meydançada göstərilən əzmkarlığın sayəsində ikinci pillədə qərarlaşır. Nəticə müsbətdirsə, deməli, yaxşısan. Ötən mövsümlə müqayisədə “Zirə”nin oyununda inkişaf hiss olunur. Bu komanda yüz faiz Konfrans Liqasına vəsiqə qazanacaq.

– “Səbail” bu mövsüm elə qrafik cızdı ki, “Kəpəz”lə görüşdə (0:0) xal itkisi sensasiya kimi qəbul olundu. Bu fikirlə razısınız?

– Bunu sensasiya saymazdım. “Kəpəz” çempionatın aşkar autsayderidir. Ağdam klubunu çıxmaq şərtilə, digər 9 komandanın hər biri eyni səviyyədə oyun göstərir. Bəziləri əcnəbi futbolçu baxımından cüzi üstün görünə bilər. Amma səviyyə baxımından oyunlar eyni tarazlıqda gedir. Məsələn, deməzdim ki, “Səbail” “Kəpəz”dən ikiqat üstündür. Hətta “Qarabağ” belə, çempionat oyunlarında əziyyət çəkir. Bu mənada “Kəpəz”in bərabərliyini sensasiya saymıram.

– “Qəbələ” “Turan Tovuz”u 4:0 hesabı ilə məğlub edərək, sonuncu pillədən qurtuldu. “Qırmızı-qaralar”ın düşdüyü durum sizdə necə təəssürat yaradır?

– “Qəbələ”də çox sayda futbolçular yetişib ki, onlar hazırda digər klublarda çıxış edirlər. Bu komandanın oyunu həmişə xoşuma gəlib. Ötən mövsüm avrokubokda da iştirak etmişdilər. Açığı, bu mövsüm Konfrans Liqasına vəsiqə uğrunda mübarizədə “Qəbələ”ni favoritlərdən sayırdım. Bəxt amili də var. Bəzən “qara zolağ”a düşürsən. Bəzi matçlarda bəxtləri gətirmədi, bəzi görüşlərdə şanslardan istifadə edə bilmədi. Buna görə də son sıralarda qərarlaşıblar. Onların mövsümün sonunda axırıncı sıralarda yer alacağına inanmıram. Düşünürəm ki, onlar özlərinə gələcək və yuxarı sıralara qalxacaq. Düzdür, avrokuboklara getmək çətin görünür. Ancaq autsayderlərdən də olmayacaqlar. “Turan Tovuz”la qarşılaşma da onların sonuncu yerə layiq olmadıqlarını göstərdi.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp