Ötən mövsüm “Olimpiakos”, “Nant” və “Frayburq” kimi güclü komandaların əhatəsinə düşən “Qarabağ” ilk 4 turdan sonra 7 xal yığmışdı. Belə çətin qrupda sona 2 tur qalmış bu göstərici ilə yadda qalmaq böyük uğur sayılmalı idi. Amma Qurban Qurbanovun komandası 5-ci turda səfərdə “Nant”a uduzub, son oyunda “Frayburq”la heç-heçə etməklə Avropa Liqasında mübarizəni dayandırdı. Nəticədə komandamız Konfrans Liqasına yuvarlandı.

İş elə gətirib ki, Ağdam klubu cari mövsüm 4 turdan sonra 6 xal toplayıb. Göründüyü kimi, ötən mövsümlə müqayisədə 1 xal az toplamışıq. Üstəlik, ötən il “Nant” 4 turdan sonra “Qarabağ”dan 3 xal geridə idi. Amma indi 3-cü pillədə qərarlaşan “Molde” “Qarabağ” qədər xal yığıb. Amma burada bir məsələ var.  Ötən mövsüm sona iki tur qalmış Azərbaycan çempionunu daha çətin oyunlar gözləyirdisə, bu dəfə eyni həyəcan hissini keçirmirik. Doğrudur, “Qarabağ” yenə də çətin sınaqlar qarşısındadır. Amma gəlin qəbul edək ki, “Molde” ilə “Hakken” “Nant” və “Frayburq” deyil. “Böyük beşlik” komandaları ilə Skandinaviya klublarını tərəzinin eyni gözünə qoymaq olmaz.

Ona görə də “Qarabağ”ın bu mənada işi bir qədər asan olacaq. Amma yenə də norveçlilərlə oyuna ciddi hazırlaşmaq lazımdır.  Bakıda da rəqibin bizə necə ciddi müqavimət göstərməsini gördük. Doğrudur, qrup mərhələsinin ilk turuna təsadüf edən həmin görüşdə “Molde” “Qarabağ”ın qapısı qarşısında elə də təhlükəli vəziyyətlər yarada bilmədi. Amma komanda müdafiə planında heç də pis təsir bağışlamadı. Bunun məntiqi nəticəsi kimi gücümüz yalnız bir qol vurmağa çatdı. Böyük ehtimalla, Norveçdəki oyunda da əsəblərimizlə oynayacaqlar.

Qrupda ikinci yeri tutmaq üçün “Molde”  bu görüşdə qələbə qazanmağa borcludur. Heç-heçə onlara sərf etməyəcək. Çünki son turda onlar Leverkuzenə yollanacaqlarsa, “Qarabağ” “Hakken”i Bakıda qəbul edəcək.  Burada da nəyəsə ümid etməyə dəyməz. Amma “Qarabağ”ı 2 top fərqilə məğlub etsələr, artıq qrup 2-ciliyini rəsmiləşdirəcəklər. Çünki son turda xallar bərabər olacağı halda şəxsi göstəricilərə görə öndə olacaqlar.  Məsələ ondadır ki, “Molde” “köhlən atları” bir top fərqilə də məğlub edərsə, yenə də əla imkan əldə edir. Həmin vaxt topların balansı norveçlilərdə +5, “Qarabağ”da isə -4 olacaq. Belə olan vəziyyətdə təmsilçimiz Avropa Liqasında mübarizə aparmaq üçün “Hakken”i 5 top fərqilə məğlub etməli, “Molde” isə Leverkuzendə “Bayer”ə 5 top fərqilə uduzmalıdır. “Qarabağ”a 4 top fərqli qələbə də sərf edə bilərdi. Amma topların balansı bərabər olanda skandinaviyalılar daha çox top vurduğuna görə sevinən tərəf olacaq.

Əslində, “Molde”nin meydana qələbə əzmi ilə çıxmaq istəyi işimizə yaraya bilər. Çünki bu komanda istər-istəməəz daha böyük qüvvə ilə önə atılacaq ki, bu da kəskin əks-hücumlar zamanı əl-qolumuzu açacaq. Düzdür, “Qarabağ” rəqibin ciddi təzyiqi qarşısında bəzən özünü itirir. Çox uzağa getmədən ötən mövsüm Konfrans Liqasının 1/16 final mərhələsində “Gent”lə cavab oyununu yada sala bilərik. Bakıda 1:0 hesabı ilə qalib gəldikdən sonra “Qarabağ” səfərə də məhz bu üstünlüklə yollanmışdı. O vaxt da düşünürdük ki, belçikalılar irəli atılacaq və “Qarabağ” əks-hücumlardan bəhrələnib rəqibin işini bitirəcək. Amma xüsusən də ikinci hissədə təzyiqi artıran “Gent” futbolçularının qarşısında aciz qaldıq. Bir qədər temp yüksələn kimi komandamız özünü itirir. Bu, “Bayer”lə səfər oyununda belə oldu. Amma “Gent” və “Molde” kimi komandalar bu işi “Bayer” qədər yaxşı bacarmır. Lakin yenə də müdafiədən çıxa bilmirik. “Qarabağ”ın cümə axşamı Norveçdə ən böyük problemi bu olacaq.

Futbolçularının ustalıq səviyyəsi və oyun planına görə “Qarabağ”  rəqibindən daha keyfiyyətli komandadır. Elə təcrübə sarıdan da onları üstələyirik. Amma təzyiqin öhdəsindən gəlmək üçün Ağdam klubunun xüsusi hazırlıq planı olmalıdır.

Əslində, bu komandanı Qurban Qurbanov ilk oyunda yaxşı incələmişdi. Təbii ki, sentyabrla müqayisədə “Molde”nin heyətində müəyyən dəyişilklilər var. Amma oyunçuların hamısı bizə tanışdır. Elə oyun planında da qeyri-adi bir şeyə nail olmayıblar. Əsasən norveçli oyunçulardan qurulan bu komandanın gücü standart vəziyyətlər, pressinq və cinahları fəal işlətməkdir.

İlk oyundan əvvəl oyunçuları adlarına və mövqelərindəki rollarına görə təhlil etdiyimizdən təkrarçılığa yol vermək istəməzdik. Amma bu komandanın son oyunlarda hansı manevrlərlə yadda qaldığına diqqət etməliyik.

“Molde”nin qarşısını kəsmək üçün ən birinci əməl etməyə məcbur olduğumuz tapşırıq erkən qolun qarşısını almaqdır. Bu komanda oyunun əvvəlində təşəbbüsü ələ alıb rəqibi qapısına doğru sıxmağı bacarır. Təsəvvür edin ki, Norveç çempionatında son iki turda məhz erkən qolların hesabına meydanı 3 xalla tərk ediblər. Məsələn, bir tur əvvəl “Lilleström”lə görüşdə 4-cü dəqiqədə hesabı açmışdılarsa,  son oyunda “Sapsborq”un torunu 35-ci saniyədə silkələdilər. Bunu “Qarabağ”la oyunda da etməyə çalışacaqlar. Bu mərhələni adlasaq, artıq rəqibin oyun planı pozulacaq. Təbii ki, “Qarabağ” da mümkün qədər erkən qol vurmağa çalşmalıdır. Çünki hesabda geriyə düşdükdən sonda “Molde”nin geridönüş etməyə gücü qalmayacaq.

Bu rəqibi zərərsizləşdirməyin yollarından biri də “pas yolları”nı bağlamaqdır. Doğrudur, futbolda bu, ən çətin tapşırıqdır. Çünki rəqib oyunçuların hara açılacağını müəyyənləşdirmək asan deyil. Amma həqiqətən də “ağ-göylər” bunu yaxşı bacarır. Mümkün qədər cinahlara edilən uzun ötürmələrin qarşısını kəsmək lazımdır. Çünki mərkəzdən topu cinahlara ötürməyi yaxşı bacarırlar. Elə hava ötürmələri də çox təhlükəlidir. Cinah oyunçularının qarşısını kəsə bilsək, mərkəzdə top gözləyənlər “ac qalacaq”.

Künc zərbələrindən danışmağa dəyməz. Çünki Skandinaviyada güclüdən tutmuş zəifə qədər bütün komandalar bu silahdan yararlanmağı bacarır. Künc zərbələrindən mümkün qədər yayınmaq lazımdır. Üstəlik, qapıya paralel istiqamətdə qayda pozuntusuna yol verməməliyik. Son turda “Sapsborq”la oyunda Kristofer Haugen cərimə zərbəsindən əla qola imza atdı.

Yarımmüdafiə xəttində Ödeqar, Breyvik, Hestad və Erikssenə pressinq tətbiq etmək “Molde”nin gücünün yarıbayarı azalması deməkdir. Çünki onların faydalı iş əmsalı aşağı düşəndə komandanın əsas qol silahı Berişanın işi çətinləşir. Doğrudur, Kitolanonu də təhlükəli hücumçu kimi qələmə vermək olar. Amma Berişanı “Molde”dən çıxartsaq,  əldə heç nə qalmaz. Bakıda Berişanı yaxşı bağlamışdıq, ümid edirik ki, ona bu dəfə də göz açmağa imkan verməyəcəyik.

“Qarabağ” “Molde”yə necə qol vurmalıdır” sualı ətrafında çox baş sındırmağa dəyməz. Topu onlardan alsaq, geri çəkilməyə məcbur olacaqlar. Belədə qısa paslarla “başları fırlanacaq” – bu mənada axsayırlar. Adətən belə vəziyyətdə arxadan topa müdaxilələrlə onu ələ keçirmək istəyirlər. Amma tempi artırsaq və ötürmələrdə dəqiq olsaq, bu planları da baş tutmayacaq. Bir də künc zərbələrindən sonra elə də ideal müdafiə olunmurlar. Bu yöndə də məşq etmək lazımdır. Doğru mövqe seçəcəyimiz halda qapıçılarını narahat etmək olar.

Bir sözlə, “Molde” məğlub ediləsi rəqibdir. Qrupun “açar” oyununda kilidə düşmək lazımdır. Əks halda, komandamız yenədən Konfrans Liqasına “sürüşə bilər”.

FƏRİD

Shares: