“Bayern” yeni qapıçı axtarmayacaq. Münhenlilər uzun müzakirələrdən sonra heyətə əlavə qolkiper dəvət etmək fikrindən daşınıb. Bundesliqa çempionu heyətdəki təcrübəli oyunçularla müqavilə müddətini uzatmaqla bütün suallara nöqtə qoyub.
Futbolinfo.az xəbər verir ki, “Bayern” həm əsas qapıçı Manuel Noyerlə, həm də onun əvəzedicisi Sven Ulrayxla mövcud müqavilənin müddətini 2025-ci ilin yayınadək uzadıb. Baş məşqçi Tomas Tuhel danışıq apardıqları əlcək sahiblərinin heç birini onlardan üstün saymadığından belə qərar verilib.
37 yaşlı Noyer 2011-ci ildən Münhendədir. O, yetirməsi olduğu “Şalke”dən 30 milyon avroya transfer edilmişdi.
Ulrayx isə 2015-ci ildə “Ştutqart”dan 3,5 milyon avroya alınıb. 2020-21-ci illər mövsümünü “Hamburq”da icarədə keçirən 35 yaşlı qapıçı daim Noyerin əvəzedicisi olub.