Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, tura “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandalarının matçı ilə start verilib.

Oyun Famil Ağayevin yetirmələrinin qələbəsi ilə başa çatıb. “Milli Aviasiya Akademiyası” komandasını 3:1 hesabı ilə məğlub edən “Abşeron” xallarının sayını 9-a çatdırıb və turnir cədvəlində birinci pilləyə yüksəlib.

Günün ikinci qarşılaşmasında UNEC və “Gəncə” klubları üz-üzə gəlib. Qarşılaşma Gəncə təmsilçisinin üstünlüyü keçib. Tələbələri 3:0 hesabı ilə məğlub edən “Gəncə” komandası bu qələbə ilə çempionatdakı ilk xallarını qazanıb.

Qeyd edək ki, III turun son matçı sabah (29 noyabr) saat 15:00-da baş tutacaq. Bu görüş “Azərreyl” və “Murov Az Terminal” komandaları arasında olacaq. Oyun GİN-nin Voleybol Mərkəzində keçiriləcək.

“Milli Aviasiya Akademiyası” – “Abşeron” 1:3 (17:25, 27:25, 16:25, 17:25)

UNEC – “Gəncə” 0:3 (8:25, 19:25, 19:25)

Shares: