Azərbaycanda AZAL, “Xəzər Lənkəran” və “İnter” klublarında oynamış braziliyalı sabiq hücumçu Junior Nildonun futbolinfo.az saytına müsahibəsi
– Futbolçu karyeranızı bitirmisiniz? Hazırda hansı işlə məşğulsunuz?
– Ötən ayadək həm futbol oynayırdım, həm də köməkçi məşqçi kimi fəaliyyət göstərirdim. Bundan əlavə, yeni futbol istedadları ilə birgə işləyirdim. Hazırda Dubaya getməyə hazırlaşıram. Braziliyanın “Palmeyras” klubu orada futbol akademiyası açıb. Həmin akademiyada məşqçilik edəcəyəm. Akademiyanın U-13 komandasından U-17 komandasına qədər bütün yaş qrupları mənim öhdəliyimdə olacaq.
– Azərbaycandakı karyeranızı necə xatırlayırsınız?
– Azərbaycandakı karyeramla bağlı ancaq xoş xatirələrim qalıb. Ölkənizdə çoxlu qol vurmuşam, səviyyəli yerli və əcnəbi futbolçularla komanda yoldaşı olmuşam, əla məşqçilərin rəhbərliyi altında oynamışam. Orada olduğum müddətdə Azərbaycanın mədəniyyətini, adət-ənənələrini öyrənmək imkanı əldə etmişəm. Bir də ölkə futbolunun fanatları ilə tanış olmuşam.
– Azərbaycandan kiminləsə əlaqəniz qalıbmı?
– Bəli, qalıb. Yerli futbolçulardan Amil Ağacanov, Aqil Nəbiyev və digərləri ilə ünsiyyətim davam etməkdədir. Bundan əlavə, Azərbaycanda birgə oynadığım legionerlərlə də arada danışırıq. Baçana Sxadadze, Vanderson Skarduelli, Zohair Benuahi, Riçard Almeydanın adını çəkə bilərəm.
– Hazırda Azərbaycan futbolunu izləyirsiniz? Siz gedəndən sonra futbolumuzda hansı dəyişikliklər diqqətinizi çəkib?
– Vaxt, imkan olanda bəzi oyunları izləyirəm. Azərbaycan futbolunun hazırkı səviyyəsini mən oynadığım vaxtla müqayisə etmək çətindir. Çünki futbol daim inkişaf edir. Bir onu deyə bilərəm ki, mənim dövrümdə daha çox texnikalı oyunçulara üstünlük verilirdi. Bizim texniki bacarığımız çox idi. Bugünkü futbol isə daha sürətlidir.
– Azərbaycanda 3 klubun formasını geyinmisiniz. Hansı klub sizin üçün daha doğma olub?
– Ölkənizdə əvvəlcə AZAL, ardınca “Xəzər Lənkəran”, son olaraq isə “İnter” klubunda oynamışam. Hər 3 kluba qəlbimdə sevgi olub. Hər birinin ürəyimdə öz yeri var. Çünki Azərbaycanda oynadığım klubların hamısında özümü xoşbəxt hiss edirdim. Bunun sayəsində də hər 3 klubda qollar vura bilmişəm.
– Bir çox azərbaycanlı futbolçularla komanda yoldaşı olmusunuz. Kimləri həmin dövrdə ən güclü yerli oyunçular hesab etmisiniz?
– Hamısını yada salmaq çətindir, amma buna çalışacağam. AZAL-da Tərlan Xəlilovu bəyənirdim. Bir də Cavid Tağıyevin böyük potensialı var idi. “Xəzər Lənkəran”da Orxan Sadıqlı, Uğur Pamuk, Rahid Əmirquliyev və Elnur Abdullayevi vurğulaya bilərəm. “İnter”də isə Arif Daşdəmirov, Mirsahib Abbasov, Asif Məmmədov və Elvin Məmmədov seçilirdi.
– Bir hücumçu kimi Azərbaycanda müxtəlif müdafiəçilər və qapıçılarla üz-üzə gəlmisiniz. Kimlərə qarşı oynayanda çətinlik çəkirdiniz?
– Həqiqətən də çətinlik çəkdiyim müdafiəçilər, qapıçılar olub. Qapıçılardan Georgi Lomaya, Orxan Sadıqlı və Kamran Ağayev yaddaşımda qalıb. Hər üçünə qarşı oynamaq çətin idi. Müdafiəçilərdən isə Rəşad Sadıqov, Denis Silva və Adrian Skarlatakenin adını çəkə bilərəm.
– Azərbaycanda bir çox məşqçilərin rəhbərliyi altında oynamısınız. Kimdən daha çox şey öyrənmisiniz?
– Azərbaycanda 4 məşqçi ilə çalışmışam, onlardan 3-ü karyeramda önəmli iz qoymuş şəxslərdir və futbol həyatımda birgə çalışdığım ən yaxşı 5 məşqçi arasındadır. Söhbət Vaqif Sadıqov, Con Toşak və Kaxaber Sxadadzedən gedir. Ölkənizdə birgə işlədiyim digər məşqçi isə türk idi, adını xatırlamıram. Toşakın yerinə gətirilmişdi. Onunla yaxşı anlaşa bilmirdik. Bu səbəbdən də həmin vaxt “Xəzər Lənkəran”dan “İnter”ə keçməli olmuşdum.
– Adını unutduğunuz məşqçi Mustafa Dənizlidir…
– Bəli, düz tapdınız. Onu nəzərdə tuturdum.
– Sabiq klublarınızdan AZAL və “Xəzər Lənkəran” artıq neçə ildir ki, fəaliyyət göstərmir. “İnter”in isə adı dəyişib, hazırda “Şamaxı” adı ilə 1-ci liqada çıxış edir. Bu vəziyyət yəqin ki, sizi də üzür…
– Bəli, xəbərim var və buna çox üzülürəm. Dediyiniz kimi, artıq nə AZAL var, nə də “Xəzər Lənkəran”. Bu, Azərbaycan futbolu üçün böyük itkidir. AZAL Şüvəlan qəsəbəsini, “Xəzər Lənkəran” isə Lənkəran şəhərini təmsil edirdi. Bu klubların fəaliyyətini dayandırması həmin yerlərdə yeni istedadların yox olması deməkdir. “İnter” isə hazırda başqa adla fəaliyyətini davam etdirir.
– Məşqçi kimi Azərbaycana qayıtmaq istərdiniz?
– Əgər ölkənizdə çalışmaq və Azərbaycan futboluna töhfə vermək imkanım olsaydı, fürsətdən istifadə edərdim. Belə bir təklif gəlsə, məmnuniyyətlə “hə” deyərəm.
FƏRİD