Diniyev Uşaq Futbol Məktəbinin baş məşqçisi Aydın Qasımovun futbolinfo.az saytına müsahibəsi
– İlk olaraq məktəb barədə məlumat verərdiniz. Bu vaxta qədər hansı işlər görülüb?
– Akademiyamız Şahin Diniyevin rəhbərliyi altında fəaliyyət göstərir. Onların bizə köməyi çox olur. Uşaqlar dəst forma, qışlıq, yaylıq, bir sözlə, hər şeylə təmin olunurlar. Bu ildən etibarən U-8 komandamız AFFA-nın təşkil etdiyi Azərbaycan çempionatında çıxış edir. Artıq 4 oyun keçirmişik, bunun 3-də qələbə qazanmışıq, 1-də heç-heçə etmişik. Düzdür, nəticə önəmli deyil. Ancaq turnirdə iştirak vacibdir.
– Məktəbinizdə neçə komanda fəaliyyət göstərir?
– 2010-11, 2012-13, 2014-15 və 2016-17-ci illərdən ibarət dörd qrupumuz var. Təxminən 80-85 uşaq var, hərəsi fərqli vaxtlarda məşqlərə gəlirlər. Komandalarımız gündə 3 dəfə məşq keçirlər.
– U-8 komandanın çempionatda çıxış etdiyini dediniz. Bəs digər komandalar hansısa turnirlərə qatılırlar?
– Həmin komandalar həftəsonları yoldaşlıq görüşləri keçirirlər. Təbii ki, yalnız məşqlə “artırmaq” mümkün deyil. Bu üzdən uşaqları hər həftəsonu sınayırıq.
– Şahin Diniyev komandanın məşqləri, oyunları ilə maraqlanır?
– Əlbəttə, Şahin müəllim komanda ilə müntəzəm maraqlanır, məşqlərə gəlir. Həmçinin, oğlu Kərim Diniyev də tez-tez gəlir. Coşqun Diniyev Türkiyədə çıxış etsə də, Azərbaycana gələndə məktəbimizə baş çəkir. Başqa futbolçular da hərdən gəlirlər, uşaqlara ürək-dirək verirlər. Onların məşqlərimizə gəlmələri yeniyetmələrimizi çox sevindirir.
– Futbol məktəbini avadanlıqlarla Şahin Diniyev təmin edir?
– Bəli, Şahin müəllim bunların hamısı ilə maraqlanır. Hətta yanvardan avtobusumuzun olması da istisna deyil.
– Yeniyetmələrin gələcək perspektivləri necə görünür?
– Akademiyada yer alan uşaqların hamısının futbolçu olması mümkün deyil. Aralarında perspektivli uşaqlar çoxdur. Azərbaycan çempionatında mübarizə apardığımız heyətlə davam edəcəyik. Ancaq digər yaş qruplarında seçilənləri başqa komandalara vermişik. Artıq 3 yeniyetməni başqa kollektivə göndərmişik. Onlardan ikisi hazırda “Ulduz”, biri “Amasiya”dadır. Bir uşağı da yanvarda “Sabah”a verəcəyik.
– Ümumiyyətlə, seçimlər zamanı nələrə diqqət yetirilir?
– Artıq ilyarımdır fəaliyyət göstəririk. Bura başqa komandadan gələnlər də var, futbola yeni başlayanlar da. Elə uşaq var ki, qısa müddətdir gəlməsinə baxmayaraq, çox istedadlıdır. Yeni gələnləri ayrı qrupda hazırlaşdırırıq, hamını bir yerə qatmırıq.
– Hansısa klubla əməkdaşlıq edirsinizmi?
– Xeyr, hələ hansısa klubla əməkdaşlıq etmirik. Bunlar gələcəyin işidir.
– Məktəbinizdəki uşaqlara maraq necədir?
– U-8 komandamızdakılarla 3 illik müqavilə bağlamışıq. Onlara çox maraq var. Həmin komandadakı 10 oyunçudan 6-sını başqa kollektivlər istəyir.
– Digər yaş qruplarınızın yaxın gələcəkdə Azərbaycan çempionatına qatılmaq ehtimalı var?
– Digər yaş qrupu komandalarımız hazırda müxtəlif turnirlərdə çıxış edir. Heç kimin kənarda qalmamasına çalışıram. Sırf həftədə üç məşqlə kifayətlənmirik, yoldaşlıq görüşləri təşkil edirik.
– Vaxtilə Premyer Liqada çıxış etmisiniz. Uşaq futbolunda çalışmaq çətin deyil?
– Bununla bağlı oxumuşam, kateqoriya almışam. Həqiqətən də, nə qədər böyük futbol oynasan da, uşaq futbolu başqa aləmdir. Oynamışam, tanınmış futbolçu olmuşam kimi düşüncələr boş şeydir. Öyrəndiklərimin də qarşılığını görürəm.
– Problemlərdən biri də karyerasını yenicə bitirən hansısa futbolçunun klubların aşağı yaş qrupu komandalarına baş məşqçi təyin edirlər. Sizcə, bu, yanlış sistem deyil?
– Sizinlə razıyam. Müasir futbolda dəyişikliklər çoxdur. Hər ay nəsə dəyişir. Futbolçunun təməli uşaq yaşlarından başlayır. Onlara hər məsələdə düzgün yanaşmalıyıq ki, təməli düz qoyulsun.
– Azərbaycanda uşaq futbolu ilə bağlı ümumi durum ürəyinizcədir?
– Xeyr, ürəyimcə deyil. Təəssüf ki, indi bir çox məşqçi nəticəni düşünür. Ancaq mən bunu qəbul etmirəm. Uşağa futbolunu oynaması üçün şərait yaratmaq lazımdır. 8-9 yaşda birinci yeri tutmağın nə mənası var? Məncə, ümumi vəziyyət ürəkaçan deyil. Bunun da çıxış yolu akademiyaların sayının artırılmasındadır. Uşağın dərsi də, yeməyi də, məşqi də akademiyada olmalıdır. Hansısa yeniyetmə məşqdən qaçaraq çıxıb, nə gəldi yeməməlidir. Məktəbimiz açılan gündən bəzi qidaları uşaqlara qadağan etmişəm. 8-10 il sonra güclü futbolçular üzə çıxacaq. Stadion rəhbərləri komandalara dəstək olurlar. Aşağı yaş qruplarında seçim imkanları genişdir. Məşqçilər də oxuyurlar. Bizim üzərimizə düşən öhdəlik düzgün təməl qoymaqdır.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu