Bu gün “Neftçi” yarımmüdafiəçisi Rəhman Hacıyev üçün mətbuat konfransı keçirib.
Jurnalistlər önünə çıxan 30 yaşlı yarımmüdafiəçi “Araz Naxçıvan”la çempionat matçından (1:1) sonra niyə danışmadığını deyib: “Oyundan sonra bəzən əsəbi oluruq və danışmağa hazır olmuruq. Bu səbəbdən “Araz-Naxçıvan”la matçdan sonra danışmaq istəmədim. Rəqibin qolunda heç kimin səhvi yox idi. Ötürmə ideal alınmışdı. Amma qarşılaşmanın gedişində səhv edə bilərik. Nəzərə almalıyıq ki, meydanda çıxış edən futbolçudur. Evdə cəmi bir görüşdə qələbə qazanmışıq. Hər şey istədiyimiz kimi getmir. Mövsümə yaxşı başlamadıq, komandaya təzyiq var. Amma işə peşəkar yanaşmalıyıq. Çoxları fikirləşir ki, çempionat bitib və biz 6-cı sırada qalmışıq. Nə olacağını bilmək olmaz. Daha çox köklənmək lazımdır. Qarşılaşmalarda istəyimiz də artmalıdır. Premyer Liqada ilk yarının başa çatmasına 4 oyun qalıb. Ən azı üçündə qalib gəlmək niyyətindəyik”.
Hacıyev müqavilə müddətinin uzadılması ilə bağlı “ağ-qaralar”la danışıqların davam etdiyini açıqlayıb: “Dekabrın sonunda hər şey bəlli olacaq. Başqa təkliflərim də var. Burada oynamaq arzum idi. Komandaya gələndə də yaşım az idi. Heç vaxt pulu fikirləşməmişəm. Daha yaxşı təkliflərim də olub. “Neftçi” “qal” desə, düşünmədən razı olacağam”.
Tovuzlu futbolçu “Turan Tovuz”un da ona təklif göndərdiyini vurğulayıb: “Ölkəmizdə “Neftçi”dən başqa heç yerə getmərəm. “Keşlə”də (hazırkı “Şamaxı”) icarədə olanda da komandanın matçlarını stadiondan izləyirdim. Bu klubun azarkeşiyəm”.
O, milliyə dəvət almamasına belə münasibət bildirib: “Dəvət gözləyirdim, amma olmadı. Canni de Byazi ilə bu barədə danışmaq istəyirdim. Amma belə imkan yaranmadı. Həm də onunla danışsaydım, deyəcəkdim ki, məni niyə çağırmırsan?”
Rəhman millidə yerli baş məşqçinin işləməsinin tərəfdarı olduğunu vurğulayıb: “Yığmanın yerli mütəxəssisə tapşırılmasının tərəfdarıyam. Ona da şans, vaxt vermək lazımdır. Çünki 6 ay və 1 il ərzində heç kim istədiyini edə bilməz”.