Andrey Şevçenko “Milan”a qayıda bilər. Futbolçu kimi “rossonyerlər”in ulduzuna çevrilməyi bacaran ukraynalının indi məşqçi kimi geri dönüşü mümkündür.
Futbolinfo.az xəbər verir ki, İtaliya mətbuatında Şevçenkonun baş məşqçi postuna namizədliyi ciddi müzakirə olunur. Uğursuz nəticələrdən sonra kreslosu laxlayan Stefano Piolinin yerinə məhz Andrey əsas namizəd kimi görülür. “Milan” hazırda çətin vəziyyətdə olduğu Çempionlar Liqasında qrupdan çıxa bilməsə, Piolinin istefası qaçılmaz olacaq. Belədə Şevçenkonun namizədliyi daha da aktuallaşacaq.
Lakin İtalyada ukraynalı mütəxəssisə münasibət birmənalı deyil. Şevçenkonun ciddi məşqçilik təcrübəsi yoxdur və onun “Milan”da perspektivi parlaq qiymətləndirilmir. 5 il (2016-21) Ukrayna yığmasına rəhbərlik edən Şeva ümidi doğrulda bilmədi. Onun “Cenoa”da iki aylıq fəaliyyəti də fiaskoyla bitdi. Bu üzdən Andreyin şansı o qədər də çox deyil.