“Oyunçuların əhval-ruhiyyəsi yaxşıdır. Biz artıq rəqibi analiz etmişik. Matçı gözləyirik”.
Futbolinfo.az xəbər verir ki, “Gəncə”nin gənc basketbolçusu Maqsud Rüstəmov klubun mətbuat xidmətinə açıqlamasında belə deyib.
Forvard sonuncu tur çərçivəsində dramatik oyunda “Sərhədçi”yə məğlubiyyəti unutduqlarını və “Neftçi” ilə görüşə kökləndiklərini bildirib: “Ötən turda ilk üç periodda yaxşı oynadıq. Böyük xal fərqi də yaratmışdıq. Amma sonuncu hissədə üstünlüyü əldən verdik. Bizə qarşı çoxlu haqsız fit çalındı. Sona qədər mübarizə apardıq. Amma təəssüf ki, qalib gələ bilmədik. Məğlubiyyət bizə dərs oldu. Buraxdığımız səhvlər üzərində işləmişik. Diqqətimiz qarşıdakı ev oyununa yönəlib. İndi qələbələrə daha da acıq”.
21 yaşlı basketbolçu rəqib barədə də danışıb. “Neftçi”nin yaxşı komanda olduğunu, heyətinin güclü oyunçulardan qurulduğunu vurğulayıb. “Bizi çətin oyun gözləyir. Onlar “Sabah”ı məğlub etməklə iddialarını ortaya qoydular. Səfər oyununa inamla gələcəklər. Amma bizim də təslim olmaq fikrimiz yoxdur”.
Maqsud Rüstəmov “Gəncə”nin heyətinin gənclərdən qurulduğunu deyib. Əlavə edib ki, bu amil onların daha çox şans əldə etməsinə imkan yaradır: “Yaş ortalamasına görə gənc komandamız var. Oyunumuz əsasən gənclərin üzərində qurulub. Biz fiziki oyuna üstünlük veririk. Meydanda çox mübarizə aparırıq. Oyunun tempini özümüz təyin etməyə çalışırıq”.