“Qarabağ” yenə bacardı. Avrokuboklarda nəticələrini ildən ilə artırmağa çalışan “Qarabağ” ən az geri addım atmamaq üçün mümkün olanı edir. Sona bir tur qalarkən minimum Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edən ağdamlıların daha yaxşısını etmək imkanı öz əlindədir.

İndi “Qarabağ”ın evdə aşkar autsayder olan “Hakken”i məğlub etməsi Avropa Liqasının pley-offuna yollanmaq üçün kifayət edəcək. Vəziyyət elədir ki, hətta İsveç klubuna uduzaraq da bunu etmək olar. Çünki “Molde”nin Almaniyada “Bayer”lə çətin oyunu var. Düzdü, leverkuzenlilərə arxayın olmaq intihara bərabərdir. Təmsilçimiz öz göbəyini özü kəsməlidir və son turda “Molde”dən zəif nəticə göstərmək olmaz.

Əslində, hər şey dünən həll oluna, son tur formallığa çevrilə bilərdi. Bunun üçün qələbə hesabını qorumaq, norvaçlilərlə şəxsi oyunlarda mütləq üstünlük qazanmaq şərt idi. Amma oyun elə alındı ki, “Qarabağ” 82-ci dəqiqəyə kimi üstün olduğu matçda 5 dəqiqə ərzində hesabda geri düşdü. Bu nəticə hər şeyin alt-üst olması demək idi. Yaxşı ki, təmsilçimz özündə güc tapıb bərabərlik qolunu vur, bu səfər üçün minimum vəzifəni yerinə yetirə bildi. Cinahlardan asmalardan sonra çətin vəziyyətə düşən “Qarabağ”ın bərabərlik qolunu eyni üsulla vurması da gözəl idi.

Əlavə vaxtla birlikdə son 15 dəqiqəsi dramatik alınan matçın gedişi o qədər də ideal deyildi. Rəqibin öyrəşdiyi hava şəraiti, süni meydança bizim futbolçulara əlavə problemlər yaradırdı. Belə durum ciddi çətinlklər yaratmışdı və bu, “Qarabağ”ın oyununda özünü büruzə verirdi. İlk hüssəni əla keçirən təmsilçimizin yorulduğu, istədiyini edə bilmədiyi bir saatın tamamında aydın oldu. Ardıcıl qollar da rəqibin təzyiqinə adekvat cavab verə bilməməyin nəticəsi idi.

Meydanın mərkəzində Romaonun yoxluğu hiss olunurdu. Cəzalı braziliyalının yoxluğunda sanki ansambl yarımçıq təsir bağışlayırdı. Patrik Andrade vəzifənin öhdəsindən gəlməyə çalışsa da, cinahlara yardımda yetərli deyildi. Ən böyük problem sağ cinahda idi. Marko Veşoviçlə Leandro Andrade ikincinin zəif oyunu nəticəsində kompakt oyun göstərə bilmirdi. Təsadüfi deyil, dəfələrlə bu qanaddan təhlükə yaradan “Molde” qolları da bu cinahdan etdiyi hücumlardan sonra vurdu.

Əslində, “Qarabağ”ın hesabı açması da daha çox Jununyonun inadkarlığının nəticəsi idi. Mərkəzdə topu ələ keçirən braziliyalının sürətli fərd reydi norveçlilərin planlarını pozdu. Bu qolun gətirdiyi arxayınlıq sayəsində ikinci hissədə müdafiəyə diqqət ayırmağa başlayan ağdamlılar rəqibin özünə gəlməsinə şərait yaratdı. Komandamızın arxada oturmağı bacarmadığı, ən yaxşı tərəfinin hücum etmək olduğu isə son dəqiqələrdə aydınlaşdı.

İstənlən halda, səfərdə qazanılan bir xal bu gün üçün əla nəticədir. “Qarabağ” avrokuboklar mövsümünün yaz bölümündə mübarizəni davam etdirəcək. Daha nüfuzlu yarış olan Avropa Liqasında çıxışa davam etmək üçün də əla imkan var. Evdə “Hakken”i məğlub etmək çətin olmamalıdır. Eyni xala malik olduğumuz “Molde”dən şəxsi oyunlardakı üstünlük komanda üzərində təzyiqin qalxmasına kifayət edir. Leverkuzendə möcüzə baş verəsi deyil, hətta olsa da, təmsilçimiz öz işini özü görmək iqtidarındadır. Son turda lazım olanı etmək və Çempionlar Liqasından gələcək rəqibi gözləmək lazımdır.

FƏRİD

Shares: