İngiltərədə Konfrans Liqasının qrup mərhələsində “Aston Villa” ilə görüşdən əvvəl “Legiya” azarkeşləri ilə dava nəticəsində 3 polis əməkdaşı yaralanıb. Polşalı azarkeşlər fişənglərdən istifadə edib, nəticədə onların heç biri Birmingemdəki “Villa Park” stadionuna buraxılmayıb.
“Legiya” təmsilçisi Bartoş Zaslavskinin sözlərinə görə, Midlends polisinin tövsiyəsi ilə stadion rəhbərliyi VIP qonaqları stadiona buraxmamaq qərarına gəlib. Həmrəylik əlaməti olaraq klub prezidenti Dariuş Mioduski də matça gəlməkdən imtina edib.
“Meydan sahiblərinin Avropa yarışlarında qüvvədə olan standartlara uyğun gəlməyən münasibəti, yəni qonaq komandanın azarkeşləri üçün stadionun tutumunun 5%-ni təmin etməməsi bizi çox məyus etdi”, – Zaslavski deyib.
Qeyd edək ki, “Aston Villa” “Legiya”nı məğlub edərək (2:1), Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.