Uzun illərdir ki, ölkəmizdə idman sahəsində danışılan əsas mövzu futbol üzrə yığma komandamızın uğursuzluğudur. Milli komanda futbol infrastrukturunun göstəricisi olduğuna görə, bu idman növündə görülən işləri və vəziyyəti əks etdirir.
Doğrudur, dünyada elə ölkələr var ki, milli komandası güclü olmasa da, həm görülən işlər, həm də daxili liqa daha yüksək səviyyədə olur. Ancaq belə ölkələr müstəsna təşkil edir. Bu sahədə görülən işlər gec-tez milli komandaya təsirini göstərir və əsl göstərici də məhz yığmanın nəticələri olur.
Ölkəmizi böyük futbol ölkələri ilə müqayisə etmək fikrində deyilik. Burada böyük dedikdə, həm ərazi, həm əhali, həm də iqtisadi vəziyyət nəzərdə tutulur. Avropada və dünyada elə ölkələr var ki, nə ərazi, nə də əhali sayına görə geri qalmalarına baxmayaraq, nəhənglərə meydan oxuyur. Onlar arasında Niderland, Belçika, Danimarka, Portuqaliya, Xorvatiya və digərlərini qeyd etmək olar. Bu ölkələr uzun illərdir ki, futbol dünyasının aparıcı və öndə gedən simalarıdır.
Azərbaycan ərazisinə görə, rəsmi olaraq planetin 112-ci ölkəsidir. Biz bu mənada ölkəmizdən 2 dəfə geri qalan Niderland, Belçika və Danimarka futbolundan danışmaq istəmirik. Diqqətimizi son illərə qədər cırtdan sayılan futbol ölkələrinə yönəldəcəyik.
İlk növbədə qonşularımızdan başlamalıyıq. Nəyəsə nail olmaq istəyiriksə, əvvəlcə Qafqazda birinci olmalıyıq. Ancaq bu gün milli komandanın nəticələrinə nəzər yetirdikdə, sonuncu olduğumuzu görürük. Təəssüf ki, nəticələrimiz həm ərazi, həm əhali, həm də iqtisadi cəhətdən qabaqladığımız ölkələrin futbolundan zəifdir. Bir çoxları Azərbaycan futbolunun daim Gürcüstan və Ermənistandan geridə olduğunu söyləyə bilər. Hərçənd futbol veteranları bu fikri düzgün qəbul etmir. Ancaq həmişə geridə olmağımız hər zaman geridə olacağımız demək deyil. Heç bir ölkə birdən-birə futbol monstrı olmayıb. Hamı çətinlikdən, uğursuzluqlardan keçərək inkişaf edib. Vacib olanı tərəqqidir. Biz isə yerində “bir-iki, bir-iki” deyən əsgəri xatırladırıq.
Gürcüstan futbolçuları ilə zəngin olsa da, komanda kimi ciddi nailiyyətə malik deyil. Əslində, bizimlə müqayisədə oradakı milli komanda daha çox tənqid edilməlidir. Ən azından onların əlində sənət əsəri yaratmaq üçün material var. Ölkəmizdə isə material da keyfiyyətli deyil. Bizim vəziyyətimiz daha acınacaqlıdır. Uğur üçün keçəcəyimiz yol daha uzundur. Yolun uzun olmasının səbəbi isə istiqamətin düzgün müəyyənləşdirilməməsidir.
Ermənistana gəlincə, gec-tez bu komandanın böyük turnirə vəsiqə qazanacağını ehtimal etmək olar. Çünki onların bunun üçün həm oyunçu potensialı, həm də gürcülərdən fərqli olaraq komandaya oynama qabiliyyəti var. Hazırda onlar başqa ölkələrin futbol akademiyalarında yetişən futbolçuları milliyə dəvət etmək siyasətini yeridirlər. Dünyanın hər bir yanına yayılan millət üçün futbolçu toplamaq çətin deyil.
Qafqazdan kənara çıxıb bəzi ölkələrin futbol infrastrukturuna diqqət yetirək. İlk növbədə Norveçdə yetişən oyunçular maraq doğurur. Adətən, ulduz futbolçular və idmançılar kasıb ölkələrdən çıxır. Məhz yoxsulluqdan qurtulmaq istəyi bugünkü ulduzlara güc verən əsas xüsusiyyət olub. Lakin Norveçə baxdıqda bu qanunun işləmədiyini görürük. Skandinaviya ölkəsi dünyada ən varlılardan, adambaşına düşən ən yüksək gəliri olanlardan sayılır. Lakin buradan Karlsen, Haaland, Odeqaard, İngebriqtsen kimi ulduzlar çıxır. Bu siyahıya biatlonda tarixlər yazan atletləri salmırıq. Çünki “qış idman növləri və Norveç” tamamilə ayrı mövzudur.
Təbiətinə və iqliminə görə futbol üçün elə də uyğun olmayan ölkədən Haaland kimi superulduzun çıxması həqiqətən də təəccüblüdür. Doğrudur, futbolda demək olar ki, hər bir ölkədən ara-sıra istedadlar peyda olur. Bəzən Litmanen kimi futbolçunun olması Finlandiya millisini yüksəklərə qaldırır, ardınca isə bir müddət boşluq yaranır. Belə hallar tez-tez baş verir.
Əsas sual isə belə halların niyə bizim ölkəmizlə heç bir zaman baş verməməsidir. Deməli, bunun üçün həmin ölkələrdə zəmin var. Bu gün Norveçdə 5 milyondan bir qədər artıq insan yaşayır. Əhalinin sayı bizim ölkədən iki dəfə azdır. Lakin orada olan rəqəmlərə diqqət yetirib təəccüblənək. Ölkədə qeydiyyatdan keçmiş 1832 klub və 25 minə yaxın komanda var. Rəsmən qeydiyyatdan keçmiş futbolçuların sayı isə 393 801 nəfərdir. Bu isə ölkə əhalisinin 8,5%-nin futbolla məşğul olması deməkdir.
İndi bu rəqəmlərlə ölkəmizdəki futbol göstəricilərini göz önündə müqayisə edək. Bizim vətəndaş üçün bunu təsəvvür etmək belə çətindir. Bunları yazmaqla Haaland, Odeqaard kimi futbolçuların yoxdan var olmadığını göstərməyə çalışırıq.
Ərazisinə görə bizdən qat-qat aşağı olan Lüksemburq və Farer adaları futboluna baxdıqda da eyni mənzərəni görəcəyik. Hər iki ölkənin əsas çempionatında 10 komanda çıxış edir. Biz bu rəqəmə uzun illər tənqid yağdırdıqdan sonra çatmışıq.
Baltikyanı ölkələri də bu mənada bizi qabaqlayır. Heç bir zaman güclü futbol ənənəsi olmayan ölkələr ara-sıra parlayaraq özlərini göstərməyi bacarır. Bizim mentalitetə futbolun uyğun olmadığını söyləyənlərə, Latviya, Litva və Estoniyanın da mentalitetlərində basketbol olduğunu cavab verə bilərik. Rəsmi məlumata görə, Latviyada ən populyar idman növü hokkeydir. Buradan Balderis, Ozolinş, Vitolinş, İrbe və digərləri kimi güclü hokkeyçilər çıxıb. Hazırda MBA-nın ən güclü klublarından birində Porzingis kimi basketbolçu oynayır. Lakin bütün bunlara baxmayaraq, ölkənin futbol komandası Avropa çempionatının final mərhəlsində iştirak edib və orada sensasiya etməyə də yaxın olub.
Deməli, məsələ nə mental dəyərlər, futbolun qanımızda olmaması, ərazi, əhali sayı və iqtisadi göstəricilərdə deyil. Məsələ , “çörəyi ver çörəkçiyə” atalar sözündədir.
ABBAS
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu