Qadınlardan ibarət Qrenlandiya komandası həndbol üzrə dünya çempionatında debüt matçını keçirib. Ada təmsilçisi son dünya çempionu Norveçlə qarşılaşıb. Görüş norveçlilərin 43:11 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq, oyundan sonra Qrenlandiya komandasının həndbolçuları şadyanalıq ediblər.
Bir sıra mütəxəssis bu şadyanalığı fantastik hiss kimi ifadə edib. Məğlubiyyətdən sonra belə əhvali-ruhiyyənin olmasının səbəbi isə antirekordun qırılmamasıdır. Belə ki, qrenlandiyalılar ən böyükhesablı məğlubiyyətlə üzləşmədiklərinə görə seviniblər. 32 xallıq fərq dünya çempionatlarında Norveç üçün ən böyük göstərici deyil. Onlar iki dəfə rəqiblərini 37 xallıq fərqlə məğlub ediblər. 2001-ci ildə Norveç Uruqvay üzərində 48:11, 2005-ci ildə isə Avstraliya üzərində 47:10 hesabı ilə qələbə qazanıb.
Qadınlar arasında dünya çempionatları tarixində ən böyükhesablı qələbə isə Macarıstan komandasının 2005-ci ildə Avstraliya ilə arasındakı oyunda olub. Macarlar həmin görüşü 57:9 hesablı qələbəylə tamamlayıblar.