“Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyevin futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan Kubokunda “Baku Sportinq” üzərində çətin qələbə qazandınız. Oyun sizin üçün niyə bu qədər ağır alındı?

– Öncə onu deyim ki, rəqibin təcrübəli futbolçulardan ibarət heyəti var. Bu kollektivə qarşı oynamaq kənardan göründüyü kimi asan deyil. Əvvəlcədən də bilirdik ki, çətin olacaq. Ciddi hazırlaşmışdıq və qalib gələ bildik. Rəqibə növbəti oyunlarda uğurlar arzu edirəm.

– Səncə, komanda bu turnirdə nə qədər irəli gedə bilər?

– Mərhələ keçmək bizim üçün xoş haldır. Amma bununla kifayətlənmək olmaz. Komanda olaraq qarşımızdakı matçlarda daha yaxşısını etməliyik. Məşqçilərin tapşırığını yerinə yetirmək, dediklərini meydanda etmək lazımdır. Yaxşı nəticələr göstərib turnir cədvəlində yuxarı pillələrə qalxmalıyıq. Həm də kubokda daha inamlı olmalıyıq. Azarkeşlərimizi artıq sevindirmək lazımdır.

– Adil Şükürovun gəlişi komandaya yeni nəfəs gətirib?

– Hər məşqçinin özünməxsus futbol fəlsəfəsi var. Adil müəllim də zamanla bunu komandaya aşılamağa çalışır. Düşünürəm ki, onun vaxta ehtiyacı var. Tam istədiklərini etdikdən sonra hər şey daha yaxşı olacaq. Biz də onun tapşırıqlarını yerinə yetirməyə çalışacağıq.

– Qış fasiləsinə qədər turnir cədvəlinin son pilləsindən xilas ola biləcəksiz?

– Futboldur və hər şeyi gözləmək olar. Turnir cədvəlindəki mövqeyimizdən özümüz də məmnun deyilik, ümumiyyətlə, olmamalıyıq da. Ümid edirəm ki, istədiyimizi edə biləcəyik.

– Növbəti turda Tovuzda “Sabah”la qarşılaşacaqsız. Rəqib son zamanlar daha yaxşı nəticələr qazanmağa və yaxşı oynamağa başlayıb. Nəticə qazana biləcəksiz?

– “Sabah” hər zaman çətin rəqibdir. Keyfiyyətli oyunçulardan ibarət kollektivi var. Buna baxmayaraq, istədiyimiz nəticə üçün meydana çıxacağıq. Təbii ki, qələbə qazanmaq, meydandan xalla ayrılmaq bizim hədəfimizdir.

– Uzun müddət Gəncədə oynaya bilməyəcəksiz. Bu komandanın taleyinə, nəticələrinə təsir edə bilər?

– Düzünü desəm, Gəncədə doğma azarkeşlərimizin önündə oynamaq komandaya motivasiya verir. Əlbəttə ki, təsiri var. Amma məsafədən asılı olmayaraq, hər zaman yanımızda olan azarkeşlərə təşəkkür edirəm. Onlar bu durumda belə bizi tək qoymurlar.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp