Paolo Maldini “Milan”dan ayrılmasının səbəblərindən danışıb. Yayda qəflətən idman direktoru postundan istefa verən sabiq müdafiəçi “Repubblica”ya müsahibəsində gizlinləri açıb.

Futbolinfo.az xəbər verir ki, Maldini ondan sonra edilən transferlərdən bəhs edib: “Loftus-Çik, Pulişiç və ya Çukuezeni transfer etmək üçün alqoritmlərə baxmağa gərək yoxdur. Mən də komandanın gücləndirilməsini istəyirdim. Klubun sahibləri mənə büdcənin çox kiçik olduğunu dedilər. Amma yollarımız ayrılan kimi məbləğ ikiqat artırıldı”.

Paolo “Milan”ın əfsanələrinə qarşı yaxşı münasibətdə olmadığını deyir: “Hələ də “Milan”ı sevirəm və həmişə belə olacaq. Amma klub da mənim kimi insanların qayğısına qalmalı, güvənməli, şans verməlidir. Hazırda klubda “Milan”ın tarixini bilməyən və ona hörmət hissi duymayan insanlar var. Prezidentimiz çempion olanda qələbəni qeyd edirdi, amma nəticələr uğursuz olan kimi stadiondan erkən ayrıldığını gördüm. Çətin günlərdə birlik olmayanda çalışmağın faydası olmaz”.

Shares: