“Qarabağ”ın futbolçusu Riçard Almeyda ölkəsi Braziliya mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu yaxınlarda Azərbaycan millisindəki karyerasını başa vurması ilə bağlı təşkil edilən mükafatlandırma mərasimi və yığma barədə sualları cavablandırıb.
– Avro-2024-ün seçmə mərhələsində İsveçlə (3:0) keçirilən oyundan əvvəl AFFA-nın Azərbaycan millisinin sabiq futbolçularını, o cümlədən sizi mükafatlandırmasını necə qarşıladınız?
– Oyundan əvvəl millinin keçmiş oyunçuları üçün tədbir təşkil etmək və onların zəhmətini dəyərləndirmək çox gözəl təşəbbüsdür. Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir. Amma biz bunu ömrümüz boyu görmüşük.
– Bu, sizin üçün sürpriz oldu?
– Gözlənilməz və xoş sürpriz oldu. Mənim üçün ikiqat sevincdir. Çünki bura uzaq Braziliyadan gəlmişəm. Həmişə demişəm ki, Azərbaycan millisinin formasını geyinmək mənim üçün şərəfdir. Yerli futbolçular arasında doğma kimi qəbul edilmək bir insan üçün böyük şərəfdir. Azərbaycan mənim və ailəmin ikinci vətənidir.
– Millidə oynamağın karyeranızda hansı yeri var?
– Yığmanı başı dik tərk etdim. Vicdanım deyir ki, bu formanı ləyaqətlə geyinmişəm, nəyim varsa, vermişəm. Düzdür, “Qarabağ”da yüksək səviyyədə oynamışam, amma millinin heyətində də beynəlxalq arenada çıxış etmişəm. Bu, çox dəyərlidir. 2020-2021-ci illərdə pandemiyaya görə yığmanın matçlarını buraxdım. Amma o zaman da darıxırdım, komanda üçün narahat idim. Milli karyeramda mühüm rol oynayır.
– Çərçivəyə salınmış formanı nə edəcəksiniz?
– Həyat yoldaşımla bu haqda danışırdıq. Forma da bizimlə birlikdə Braziliyaya qayıdacaq. Digər bütün mükafatlar kimi xüsusi yerdə saxlanılacaq. Bu, əsas titullarımın, Çempionlar Liqasında geyindiyim çərçivəli formanın yanında olacaq. Həmin otaqda çox şey olacaq. Lakin ən mühüm uğurları Azərbaycanda qazandım.
– Mükafatlandırma mərasimindən sonra Azərbaycan yığmasının İsveç üzərində 3:0 hesablı qələbəsini izləmək yəqin ki, xoş idi?
– Komanda matça daha enerjili və konsentrasiyalı başladı. Bu, ilk dəqiqələrdən özünü büruzə verdi. Ona görə də startda ardıcıl iki qol vurduq. İsveç dünya səviyyəli oyunçuları olan güclü komandadır. Amma həmin gün komandamız daha yaxşı çıxış etdi. Xüsusən də Emin Mahmudovun üçüncü qolunu qeyd etməliyəm.
– Azərbaycan millisinin gələcək perspektivini necə görürsünüz?
– Təəssüf ki, böyük uğurlar qazana bilmədik. Amma indiki nəslin potensialı yüksəkdir və əvvəlkindən daha çox şeyə nail ola bilər. Onlar gənc və perspektivlidirlər. Gənc Musa Qurbanlı, Elvin Cəfərquliyev, Toral Bayramov, təcrübəli Ramil Şeydayev, Mahir Emreli, Emin Mahmudov və başqaları ilə birlikdə yaxşı komanda təşkil edirlər.