Teleqram kanallarının verdiyi məlumata görə, Rusiya İdman Nazirliyinin 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya və Paralimpiya oyunlarının 10-cu ildönümü üçün buraxdığı medalların Ukrayna bayrağına bənzədiyinə görə qadağan edilməsi tələb edilir.
Məlumata görə, “Rusiya veteranları” hərəkatının fəalları mükafatın dizaynından çox narazıdırlar. Buradakı qızılı metal mavi lentlə qarışdırılıb və Ukrayna bayrağını xatırladır. Qurumun nümayəndələri artıq Rusiya prezidenti Vladimir Putinin administrasiyasına və idman naziri Oleq Matıtsinə müraciət ünvanlayıblar.
Xatırladaq ki, Soçidəki Qış Olimpiya oyunları 2014-cü ilin fevralında baş tutmuşdu. Nazirlik həmin olimpiadada fərqlənən insanları mükafatlandırmaq üçün qərar qəbul edib.