“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 15-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunun gərgin keçəcəyi məlum idi. Amma təəssüf ki, ilk yarıda iki-üç hücum etdilər, ikisi qapımızda qolla yekunlaşdı. Halbuki, bizim hücumumuz var idi, o qolla nəticələnmədi, amma qapımızdan qol buraxdıq. 0:2-dən sonra fasilədə futbolçulara demişdim ki, oyunu davam etdirmək lazımdır. Uşaqlar ruhdan düşmədi, geri dönüş etdik. Qələbə də qazana bilərdik. Çox güc sərf etdik. Azarkeşlər komandamıza ruh verdi. Bir xal çətin durumda uşaqlara inam gətirəcək”.
Abbasov zədə alan Ayxan Hüseynovun durumundan da söz açıb: “Ayxan oyuna çox yaxşı daxil olmuşdu. Bütün hücumlar da ondan gedirdi. Ayağı burxulub. Bu dəqiqə heç kimi itirmək istəmirik. Qarşıda oyunlar çoxdur. Onun artıq çəkisi yoxdur. Onu daim kontrolda saxlayırıq. Ümumən bədən quruluşu elədir ki, kök görünür. Çox istəyirik ki, bir az arıqlasın. Yəqin forması da dardır, razmeri böyütmək lazımdır. Ayxan potensiallı futbolçudur, ona inamımız böyükdür”.