Qış yaxşınlaşdıqca Misli Premyer Liqasında mübarizə bir az da gərginləşir. Komandalar bir-birinə güzəşt etmək istəmir və fasiləyədək mümkün qədər çox xal toplamağa çalışır.
Heç-heçə məğlubiyyətdən yaxşıdır, amma bəzən on da üzülməli olursan. Elə 15-ci turun dünənki matçları da belə oldu. Yəqin ki, “Araz-Naxçıvan” və “Turan Tovuz” qazanılan bir xala sevinməyi unudub itirilən xalların xiffətini çəkir. Çünki sərgilənən futbola görə hər iki meydan sahibi qələbəyə layiq idi.
Mərdəkandakı matçın böyük bölümündə üstün futbol sərgiləyən naxçıvanlılar rəqibinə göz açmağa imkan vermədi. Komanda hesab açılandan sonra saysız şansları boşa verincə isə futbolun yazılmamış qanunu işə düşdü. Həm də “Səbail” qolu özü də vurmadı, “Araz-Naxçıvan”ın müdafiəçisi ehtiyatsızlıqdan öz qapıçısını məyus etdi.
Bir ara zəif oynayan “Araz-Naxçıvan” böhranlı günləri geridə qoyub. Komanda dünən qələbə qazana bilməsə də, futbolu ilə ümid verdi. Mövsümün ən məhsuldar komandalarından olan “dənizçilər”ə epizod verməyən muxtar respublika təmsilçisi qonşusunu turnir cədvəlində qabaqlamaq üçün hər şey etdi. Qol vurmaq seriyası ötən tur bitən “Səbail” isə eyni taleyi yenə yaşamağa yaxın idi. Lakin avtoqol onları xilas etdi.
Tovuzdakı matçın ssenarisi fərqli oldu. Oyuna əla başlayan meydan sahibləri azı iki real şansı boş verincə, “Sumqayıt” standart vəziyyətdən hesabı açdı. Yenidən toparlanan “Turan Tovuz” cavab üçün önə atılınca əks-hücumda daha bir top buraxdı. Bəlkə də fasilə olmasaydı, başıalovlu irəli atılan qərbllər növbət qolları buraxacaqdı.
Fasilədə oyunçulara göstəriş verən, eyni zamanda əvəzetmələrə əl atan Ayxan Abbasov gedişatı dəyişə bildi. Qısa müddət ərzində hesab bərabərləşdi, tovuzlular dəqiq oynaya bilsəydi, hətta böyükhesablı qələbə də qeydə alına bilərdi. Amma bunu bacarmadılar, belədə matçın son dəqiqələri “Sumqayıt”ın diqtəsi ilə keçdi.
“Turan Tovuz” məğlubiyyət seriyasını qıra bildi, “Sumqayıt” isə enişə davam edir. Komanda 3-cü pillədə qalsa da, bir ara yığdığı sürətdən əsər-əlamət yoxdur. Yəqin tezliklə Samir Abasovun yetirmələrini liderlər qrupundan kənarda görəcəyik. Qərblilərə gəlincə, hər nə qədər xal qazanılsa da, qələbəsizlik komanda üzərində təzyiq yaradır. Autsayderlər qrupundan uzaqlaşa bilməmək qorxusu futbolçularda tələskənliyə səbəb olur. Üstəlik, tovuzlular çox bəsit qollar buraxır, sonra vəziyyəti dəyişmək üçün güc itirirlər.
Bərabərliklər turnir cədvəlində dəyişikliyə səbəb olmadı. Tovuzdakı bərabərlik meydan sahiblərini “Sabah”dan önə atsa da, bakılılar eyni meydanda “Kəpəz”ə uduzmamaqla vəziyyəti dəyişə bilər. Lakin günün əsas oyunu paytaxt derbisi olacaq. “Zirə” uğurlu seriyasını davam etdrmək üçün növbəti imtahanını verəcək. Bugünkü matç “Neftçi” üçün də ciddi sınaqdır. Adrian Mutu laxlayan kreslosunu itirmək istəmirsə, qələbəyə nail olmalıdır. Əks halda, liderlərə yaxınlaşmaq üün önəmli fürsət əldən veriləcək.
FƏRİD