“Səbail”in hücumçusu Amil Yunanovun futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın XV turunda səfərdə “Araz-Naxçıvan”la heç-heçə etdiniz. Oyunu necə şərh edərdiniz?

– Çox çətin oyun oldu. Yaxşı başlasaq da, sonradan vəziyyət pisə doğru dəyişdi. Rəqib qol epizodları yaratdı. Son dəqiqə qolu sayəsində xal qazanmağı bacardıq. Açığı, komanda şəklində oyunumuz yaxşı alınmadı. Meydançada istədiklərimizi edə bilmirdik. Bunun fonunda məğlubiyyətdən qaçmağımız sevindirici haldır. Bunu qənaətbəxş nəticə saymaq olar.

– Oyununuzun yaxşı alınmaması nə ilə bağlı idi?

– Futbolda bəzən belə hallar olur. Əvvəlki matçlarda çox sayda qol epizodları yaratmışdıq. İstifadə edə bilmirdik. Hər bir komanda bu durumla üzləşə bilər. Bəzən istədiyin kimi çıxış edə bilmirsən. Əsas nəticədirsə, bir xalı normal hesab edirəm.

– Komandanız hücumda çoxalmaqda problem yaşayırdı. Səbəb rəqibin pressinqi idi?

– Sizinlə razıyam ki, hücumda çoxala bilmirdik. Özüm də kənardan bunu müşahidə edirdim. Səbəbini deyə bilmərəm. Bəlkə də rəqib bizi düzgün təhlil etmişdi. Halbuki öncəki qarşılaşmalarda hücum planında problem yaşamırdıq. Bir matç istisna olmaqla, bütün görüşlərdə qol vurmağı bacarmışıq. Keyfiyyətli hücumlar qurmağı bacaran komandayıq. Bu dəfə nəsə alınmadı.

– 87-ci dəqiqədə meydana daxil olarkən bərabərlik qolunu vuraraq, görüşün qəhrəmanı olmaq arzunuz var idi?

– Əlbəttə ki, var idi. Oyuna elə o fikirlə qoşulmuşdum. Rəqibin müdafiəçisi avtoqola imza atmasaydı, bəlkə də həmin epizodda mən fərqlənəcəkdim. Daha sonra bir epizod da oldu. Komanda yoldaşım mənə ötürmə versəydi, hətta ikinci qolu da vura bilərdik. Çünki boşluğa yaxşı çıxmışdım. Neçə dəqiqə oynamağımdan asılı olmayaraq, bütün görüşlərə qol vurmaq istəyi ilə çıxıram.

– Son üç turda qələbə qazana bilməməyiniz enişlə əlaqədardır?

– Qış fasiləsinə az vaxt qaldığından, bəzi matçlarda istədiyin kimi çıxış etməməyin normaldır. Ardıcıl 2-3 oyunu yaxşı keçirməyib, daha sonra ardıcıl qarşılaşmaları yüksək səviyyədə keçirə bilirsən. Məncə, hər şey normaldır. Turnir cədvəlindəki durumumuz da pis deyil. Qarşıdakı üç matça baxmalıyıq.

– Komanda yoldaşınız Aleksandr Ramalinqom formasından uzaqdır. Bu amil növbəti görüşlərdə əsas heyətdə yer almağınız üçün sizə əlavə motivasiya vermir?

– Ölkə kuboku ilə birlikdə qış fasiləsinə qədər 4 oyunumuz qalıb. Əlbəttə ki, əlimə düşən imkanlardan maksimum dərəcədə istifadə etmək istəyirəm. Düzdür, bu mövsüm hələ qol hesabını açmamışam. Baş məşqçi daha çox şans versə, bir hücumçu kimi qol vurmaq, komandama kömək etmək üçün əlimdən gələni etməyə hazıram. Öz sözümü demək istəyirəm. Ramalinqoma gəlincə, o, yaxşı hücumçudur. Futbolçularda belə eniş dönəmləri olur. Zədəsi var idi, yəqin geriləmə bununla əlaqədardır. Ancaq ümumilikdə komandamız üçün yaxşı futbolçudur.

– Az şans qazandığınızı nəzərə alsaq, qış fasiləsindən sonra karyeranızda dəyişiklik etmək variantınız varmı?

– Razıyam, əsas heyətə düşə bilmirəm. Bu mövsüm cəmi bir matçda start heyətində yer almışam. Təbii ki, öz durumumdan razı ola bilmərəm. Ancaq karyeramda dəyişiklik etməklə bağlı fikrim yoxdur. Bütün diqqətimi “Səbail”ə yönəltmişəm. Özümü burada doğrultmaq, sözümü demək istəyirəm. Çox yaxşı kollektivimiz var. İstər rəhbərlik, istər məşqçilər korpusu, istərsə də futbolçular olsun, hamı bir-birini tamamlayır. Burada nəsə etmək niyyətindəyəm.

– Əvvəlki mövsümlərlə müqayisədə bu dəfə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmısınız. Avrokuboklara vəsiqə uğrunda mübarizəni sona qədər davam etdirə biləcəksiniz?

– Açığı, qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Yenə də bacardığımız qədər yüksək pillələrdə yer almağa, oyundan-oyuna artırmağa çalışırıq. Bu gözəl kollektivin dəyərini son tura qədər daşıya bilsək, mövsümü uğurlu nəticə ilə bitirərik. “Səbail”də bu potensial var.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp