“Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadənin futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın XV turunda “Araz-Naxçıvan”la görüşdə məğlubiyyətdən son anda qurtuldunuz (1:1). Ancaq oyun baxımından sanki məğlubiyyətlə barışmışdınız…

– Bəzən belə oyunlar olur. Ancaq bu durumda bir xal da bizim üçün önəmlidir. Artıq bu matçı unutmalı, gələcək görüşlərə köklənməliyik. Çünki bizi qarşıda ağır matçlar gözləyir.

– Oyununuzun istədiyiniz kimi alınmamasının səbəbi nə idi?

– Baş məşqçi də bu barədə bizimlə söhbət etdi. Bəzən belə zəif matçlarımız olur. Şahin müəllim özü də bildirdi ki, hərdən belə oyunlar olacaq. Bizim üzərimizə düşən öhdəlik vəziyyəti düzəltməkdir. Bunun üçün də əlimizdən gələni edəcəyik.

– Razısınız ki, fərdi olaraq sizin çıxışınız da ürəkaçan olmadı?

– Tam razıyam, mən də öz çıxışımdan razı qalmadım. Oyunumu artırmalıyam. Matçdan-matça bunu bacaracağıma inanıram. Bunun üçün də məşqlərdə var gücümlə çalışacağam.

– Hesabda geri olarkən də hücum cəhdləriniz effektli olmurdu. Bu nə ilə əlaqədardır?

– Hesab edirəm ki, rəqib bizi yaxşı analiz etmişdi. Oynamaq imkanı vermirdilər. Belə alınmasını da bununla əlaqələndirərdim.

– Sona yaxın hər kəs məğlub olacağınızı gözləyirdi. Bu cür oyunla heç-heçəyə ümidiniz nə qədər idi?

– Ən pis halda bir xal alacağımıza inanırdıq. Son saniyələrdə də olsa, heç-heçəni gətirən qolu vurmaq istəyirdik. Düşünürəm ki, bu xal mövsümün sonunda bizim üçün çox vacib olacaq.

– Birinci dövrədə də “Araz-Naxçıvan” üzərində qələbə qazanmağınıza baxmayaraq, yaxşı təsir bağışlamamışdınız. Bu rəqibə qarşı oyununuz alınmır?

– Bəli, bu komanda ilə görüşlərdə çətinlik çəkirik. Buna rəğmən, “Araz-Naxçıvan”a hələ məğlub olmamışıq. Bu da sevindirici məqamdır.

– Ardıcıl üç turdur ki, qələbə qazana bilmirsiniz. “Səbail”də eniş müşahidə olunur?

– Eniş deməzdim. Komandamızda itkilər var. Hər bir oyunçu bizim üçün vacibdir. Həmin itkilərin bizə təsir etdiyini düşünürəm.

– Yayda heyətdə köklü dəyişikliklər olsa da, hazırda turnir cədvəlinin yüksək pillələrində qərarlaşmısınız. Sizcə, “Səbail” istədiyi mövqedədir, yoxsa daha yaxşısını bacarar?

– Hər dəfə ən yaxşısını etməyə çalışırıq. Daha uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edirik. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq ki, nəticələrimiz uğurlu olsun.

– Ağabala Ramazanovun yoxluğunda vinger möqeyində siz çıxış edirsiniz. Özünüzdə irəliləyiş hiss edirsiniz?

– Komandada rəqabət güclüdür. Boşluğu doldurmaq üçün öz üzərimdə işləyirəm. Bunun nə dərəcədə alınıb-alınmadığını deyə bilmərəm.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp