“Mançester Yunayted”dən getdikdən sonra David De Xea heç bir komanda ilə müqavilə imzalamayıb. Azad agent olan qapıçıya bir çox komanda müştəri düşsə də, o, təklifləri qəbul etməyib.
Səudiyyə Ərəbistanından gələn böyük təklif də De Xeanı fikrindən daşındırmayıb. İspan qapıçı hələ də Avropa futbolunda rəqabətədavamlı olduğunu güman edir.
Bir müddət əvvəl onun “Betis”lə müqavilə imzalayacağı söylənilirdi. Ardınca Andre Onananın zəif oyunu De Xeanın Mançesterə qayıdacağı xəbərlərinin ortaya çıxması ilə nəticələndi. İndi isə mətbuat onun “Nyukasl”a gedəcəyi ilə bağlı xəbərləri yaymağa başlayıb.
Xəbər verdiyimiz kimi, “Nyukasl”ın qapıçısı Nik Poup ciddi zədə alıb. Onun ən azı 5 ay oynamayacağı dəqiqdir. “Sağsağanlar” hazırda qapıçı axtarışına çıxıblar. İngiltərə mətbuatının məlumatına görə De Xea “Nyukasl”ın əsas hədəfidir.