“Belçika ilə oyunda Eddi İsrafilov qırmızı vərəqə almasaydı, məncə, komandamız böyük hesabla uduzmazdı. Çünki yığmamız son oyunlarda heç də pis çıxış eləmirdi”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin və Kosovanın “Lapi” klubunun yarımmüdafiəçisi Araz Abdullayev deyib.

Təcrübəli vinger yığmamızın AÇ-2026-nın seçmə mərhələsindəki çıxışından və baş məşqçi Canni De Byazinin istefasından danışıb: “Ən azından sərfəli nəticələr qazanmaq olardı. Uduzsaydıq belə, yaxşı oyun sərgiləmək mümkün idi. Qırmızı vərəqə ilə Belçika kimi güclü rəqibə qarşı oynamaq çox çətindir. Mübarizə aparmaq heç də asan olmur. Canni de Byazi getdi və düşünürəm ki, tez-tez baş məşqçi dəyişikliyi o dəqiqə nəticə verməyəcək. Hər gələn çalışdırıcıya zaman lazım olur. Milliyə gələn məşqçi komandanın ağırılığını daşıya bilən, hörmət edilən şəxs olmalıdır.

Futbolçulara gəlincə, özümü də hər zaman orada görürəm. Birincisi, əgər bu forma altında meydana çıxırıqsa, öncə ölkəmizi təmsil etdiyimizi tam anlamalıyıq. Meydanda ortaya elə oyun qoymaq lazımdır ki, nəticədən asılı olmayaraq, hakimin final fitindən sonra azarkeşlər səni alqışlasınlar. Bu cür əzmkarlıqla nəticələr qazanmaq mümkündür. Bu da futbolçuların öz xarakterinə bağlıdır. Kim özünü necə göstərir – bunu orada görürük. Başqa ölkələrdə oynayan xeyli legionerimiz var. Yerli liqadan da layiqli oyunçular yığmaya gəlir. Belə heyətlə nəticə olacaq. Bir söz var: sürətli getmək istəyirsənsə, tək get, əgər uzağa getmək istəyirsənsə, birlikdə get. Futbol kollektiv oyundur. Biz ayrı-ayrılıqda hamımız komanda yoldaşlarımızı, məşqçimizi və rəhbərliyi düşünməsək, həmişə belə axsaq yerlərimiz olacaq. Bunun çıxış yolu təkcə məşqçi dəyişikliyində deyil”.

Shares: