“Kəpəz” klubunun belaruslu kapitanı Yeqor Xvalkonun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə “Sabah”la son oyundan başlayaq. Çempionatın ilk dövrəsində bu komandadan xal almağı (2:2) bacarsanız da, bu dəfə 0:2 hesabı ilə uduzdunuz. Məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Düzdür, “Sabah”la ilk dövrədəki matçda yaxşı nəticəyə imza atmaq bizə müyəssər olmuşdu. Amma yadımdadır ki, həmin görüşü ümumilikdə zəif keçirmişdik. Daha çox müdafiə olunmuşduq. Budəfəki qarşılaşmada isə çoxlu hücumlar qurduq. Əfsuslar olsun ki, yaratdığımız qol epizodlarından istifadə edə bilmədik.

– Bu, yeni baş məşqçi Adil Şükürovun rəhbərliyi altında 3-cü oyununuz və ilk məğlubiyyətiniz idi. Şükürov haqda hansı fikirdəsiniz? O, sabiq baş məşqçi Azər Məmmədovdan nə ilə fərqlənir?

– Adil müəllim haqda müsbət fikirdəyəm, yaxşı insandır. Komandada avtoritetə sahibdir. O ki qaldı fərqə, bütün məşqçilər futbol fəlsəfələrinə görə bir-birlərindən fərqlənirlər.

– Gəncə şəhər stadionunun təmirə bağlanması ilə əlaqədar ev oyunlarınızı Tovuzda keçirmək sizə nə kimi çətinliklər yaradır?

– Mənim üçün heç bir çətinlik yaratmır. Şəxsən mənə görə, düşdüyümüz vəziyyətdə bu, ən yaxşı variantdır. Əlbəttə ki, Gəncədə oynasaydıq, daha yaxşı olardı. Amma biz bu durumu olduğu kimi qəbul edirik.

– 15 turdan sonra “Kəpəz” cəmi 10 xal toplayıb və hazırda turnir cədvəlində sonuncudur. Bir kapitan kimi, uğursuz nəticələrin nə ilə bağlı olduğunu düşünürsünüz?

– Ötən mövsümün əvvəlində nəticələr daha pis idi. Qorxulu bir şey baş verməyib, biz bu vəziyyətdən çıxacağıq. Hər şey təbiidir, çünki yeni komandamız var. İnanın, qarşıdakı turlarda həm oyun, həm də nəticə baxımından inkişaf edəcəyik.

– Növbəti turda sizi autsayderlər cərgəsində əsas rəqibiniz olan “Qəbələ” ilə səfər oyunu gözləyir. Bu görüşdə şansları necə dəyərləndirirsiniz?

– “Qəbələ” oyunçular baxımından kifayət qədər ciddi rəqibdir. Amma rəqibdən çəkinmirik. Meydana 3 xal üçün çıxacağıq. Biz bu oyunda qalib gələcəyik.

– Əksəriyyət cari mövsümdə çempionatımızda rəqabətin daha da artdığını bildirir. Siz bu fikirlə razısınız?

– 100 faiz razıyam. Hər bir komanda güclənib. İndi keçən mövsümdəki kimi komandalar yoxdur. Ötən mövsüm 4 komanda yaşamaq üçün mübarizə aparırdı, indi belə bir şeydən söhbət gedə bilməz.

– Gəncəli azarkeşlər, ümumilikdə azərbaycanlı futbolsevərlər “Kəpəz”in Premyer Liqada qalmasını istəyir. Bu missiyanın öhdəsindən gələ biləcəksiniz?

– Mən də bunu istəyirəm. Bu missiyanın öhdəsindən gələcəyimizə əminəm. Əsas odur ki, çempionatdakı fasiləyədək rəqibləri çox irəli buraxmayaq. Biz inkişaf edəcəyik.

– Artıq ikinci mövsümdür ki, çempionatımızda çıxış edirsiniz. Premyer Liqada oynayan yerli və legioner futbolçulardan kimləri bəyənirsiniz?

– Prinsipcə, hər komandanın heyətində səviyyəli legionerlər var. İlk növbədə “Qarabağ”da oynayan Olavio Juninyonu fərqləndirərdim. Çox güclü futbolçudur. Bir də “Səbail”in formasını geyinən Pedro Nunonun oyunu xoşuma gəlir. Bizim komandada da əla icraçılar var. Georgi Papunaşvili və Adama Niane bu mənada seçilirlər. Yerlilərə gəlincə, “Qarabağ”da çıxış edən Elvin Cəfərquliyevi və “Neftçi”nin kapitanı Emin Mahmudovu bəyənirəm.

FƏRİD

Shares: