İngiltərə Premyer Liqasında çıxış edən klubların forma satışları üzrə göstəriciləri dərc edilib. “Liverpul” nəinki İngiltərədə birincidir, hətta “Real” və “Barselona”dan da çox forma satmağı bacarır. Ən çox satılan isə hücumameylli futbolçuların formalarıdır.
Klub və satıcılar tam dəqiq məlumatı vermək istəməsələr də , bəzi nüanslar ortalığa çıxıb. Misal üçün, “Mançester Siti”nin bu il forma satışında rekordu yenilədiyini söyləmək olar. Erlinq Halandın formaları isə Cek Qriliş və Kevin de Brüynedən daha yaxşı satılır.
Kriştianu Ronaldonun gedişindən sonra “Mançester Yunayted”in fanatları Markus Reşfordun formalarını alır. Onun millidə komanda yoldaşı Bukayo Saka “Arsenal”ın ən populyar oyunçusudur. O, Deklan Rays və Martin Odeqaardı qabaqlayır.
“Liverpul”da lider Məhəmməd Salahdır. Halbuki, sentyabr ayında debütant Dominik Soboslai bir müddət liderliyi ələ ala bilmişdi.
Hücumda oynayanlar populyar olsalar da, “Çelsi”də Ris Ceymsin formaları daha yaxşı satılır. Fanatlar onu öz yetirmələri olduğuna görə qiymətləndirirlər.
“Luton” klubu isə Premyer Liqaya yüksəldikdən sonra maliyyə sıçrayışı ilə üzləşib. Forma ilə bağlı sifarişlərin sayı 50% artıb. Maraqlıdır ki, ən çox Peddi Raddok-Mpanzunun formaları satılır. O, 5-ci liqadan bura qədər komandada olub.
3 komandada yapon-koreyalı effekti təsirini göstərib. “Tottenhem”də Son Xın Minin formaları ən populyardır. “Brayton”da Kaori Mitoma, “Vulverhempton”da isə Xvan Çi Çxan liderlik edir.
Qeyd edək ki, onlayn satış tendensiyanı dəyişməklə məşğuldur. Təsəvvür edin ki, Kilian Mbappe forma satışında PSJ-nin yarımmüdafiəçisi Li Kan İnə uduzur. Bunun da səbəbi məhz onlayn ticarətdir.
Klubların ümumi satışına nəzər yetirdikdə “Liverpul” 1,8 milyon forma satışı ilə İngiltərədə birincidir. “Mançester Yunayted” 1,75, “Real” 1,7, “Barselona” 1,6, “Bayern” 1,25, PSJ 1,1 milyon, “Arsenal” 850 min forma satıb.
Əlavə edək ki, formaların satışında lider olan 8 klubun dördü üçün formanı “Adidas”, üçü üçün “Nike” biri üçün isə “Puma” istehsal edir.
İLQAR AĞAYEV