Dünən basketbol üzrə Avroliqa turnirində 5 oyun keçirilib. Onlar arasında ən maraq doğuranı İstanbulda “Anadolu Efes”lə “Panatinaikos” arasında olub. Türkiyəli mütəxəssis Ergin Ataman yunan təmsilçisinin baş məşqçisi kimi ilk dəfə doğma komandasına qarşı çıxıb.

Arenada Ergin Atamanı azarkeşlər də çox gözəl qarşılayıblar. “Efes”i iki dəfə Avroliqa qalibi edən mütəxəssisin Yunanıstan klubunda ilk vaxtlarda işi yaxşı olmasa da, hazırda vəziyyət xeyli düzəlib. Son oyunlarda qazanılan qələbələr Afina komandasının turnir cədvəlində yerini yaxşılaşdırıb. Lakin bu dəfə komanda qalib gələ bilməyib. Bir neçə əsas oyunçusunu itirən İstanbul komandası yüksək əzmkarlıq nümayiş etdirərək son saniyələrdə qələbəni təmin edə bilib – 71:68.

Qeyd edək ki, komanda bu oyunda Erkan Yılmazı da itirib. Basketbolçu çiynindən zədələnərək həkimlərin yardımı ilə meydançanı tərk edib.

Digər oyunlar arasından autsayder “Alba”nın “Jalgiris”i 64:62 hesabı ilə məğlub etməsini qeyd etmək olar. Müntəzəm çempionatın lideri Madrid “Real”ı Yunanıstanda “Olimpiakos”a 77:71 hesabı ilə qalib gəlib. “Partizan” overtaymda “Monako”dan (89:85), “Bavariya” isə “Milan”dan (91:84) üstün olub.

Shares: